Rüfət Hacıyevin döydüyü şagirdin müəllimi danışdı: “Biz hələ də şokdayıq...” – VİDEO
İki gün öncə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət
Hacıyev Xaçmaz şəhər 4 saylı orta məktəbin 9-cu sinif şagirdi, 2007-ci
il təvəllüdlü Mirzəyev Nizam Ramiz oğlunu döyüb. Şagirdin valideyni
hadisədən sonra DİN-nin 102 çağrı mərkəzinə müraciət edərək şikayət
edib.
Qlobal.net “7Times.az”-a
istinadən xəbər verir ki, Rüfət Hacıyev tərəfindən döyülən şagird Nizam
Mirzəyevin sinif rəhbəri Zenfira Hüseynova ilə əlaqə saxlayaraq ondan
baş verən hadisə barədə münasibət öyrənib. O, vəziyyətdən mütəəssir
olduğunu bildirib.
“Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev hadisədən bir
gün öncə də məktəbdə olub. Hadisə baş verən gün isə mən başqa sinifdə
dərsdə idim. Döyülən şagird Nizam Mirzəyevin oxuduğu sinifdə həmin saat
fizika dərsi tədris edilirdi. Rüfət Hacıyev həmin sinifə girib və dərs
prosesini izləməyə başlayıb. Müəllimənin verdiyi suala cavab verən Nizam
Mirzəyevin davranışları Rüfət Hacıyevi hiddətləndirib. Nizam qismən
fiziki qüsurludur. Onun danışıq üslubu da bu səbəbdəndir. Rüfət Hacıyev
şagirdin bu qüsurunun fərqinə varmadan sinif otağında onu döyməyə
başlayıb. Daha sonra Rüfət Hacıyev həmin şagirdi direktorun otağına
gətizdirib və həmin otaqda da onu yenidən döyüb. Biz hələ də şokdayıq,
gözləmirdik ki, təhsilin başında oturan adam elə hərəkət etsin”, – deyə
hadisənin şahidi olan müəllim bildirib.
Qeyd edək ki, həmin
məktəbin pedaqoji kollektivi 7Times.az-ı müsahibə vermək üçün məktəbə
dəvət etmişdi. Bu gün səhər təhsil müəsissəsinə yollanan çəkiliş
qrupumuz isə maraqlı mənzərə ilə qarşılaşıb. Belə ki, məktəbin inzibati
binasının daxilində polis nəfərləri, ətrafında isə polis avtomobilləri
növbə çəkirdi. Çəkiliş üçün müraciət edən müəllim kollektivi isə
müsahibə vermək fikrindən daşındığını bildirib.