"Çox insan Aygün Bəylərin yanında, çətin anında olduğunu söylədi. Aygün Bəylər 6 ay yataqda olanda bəs siz harada idiniz? Aygünün dünyaya övlad gətirməsi və planlanması (qızı Canan) mənim ona məsləhətimdir".
Qlobal.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Roza Zərgərli qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.
Bir neçə həftə əvvəl dünyasını dəyişən həmkarı Əməkdar artist Aygün
Bəylərdən söz açan sənətçi bildirib ki, mərhumun qızı Canan dünyaya
gəlməzdən əvvəl o, bacısının uşağını övladlığa götürübmüş: "Aygün Bəylər bacısının uşağını övladlığına götürmüşdü və onu böyütmək
istəyirdi. Mən isə buna narazılığımı bildirdim. Dedim ki, sən
sənətkarsan, sənin öz övladın, canından, qanından biri olmalıdır. Gün
gələcək, sən qocalanda, gücdən düşəndə sənə bir fincan çay gətirən bir
qızın olsun. Həqiqətən də necə demişdim elə də oldu".
İllər əvvəl sənət dostu ilə qonşu olduğunu söyləyən Roza vurğulayıb ki,
Aygün yataq xəstəsi olan zamanı ona dəfələrlə yardım edib: "Canan dünyaya 3 il sonra gəldi. Onun planlanması belə gözümün önündə
olub. Elə anlar olurdu ki, Aygün Bəylər çox xəstə olurdu, ağrıları
vardı, nasaz idi. Yeməyi bişirib qızım Bənövşəyə verib deyirdim ki, apar
qapılarını döy bunu ver, sonra qaça-qaça evə qayıt. O, "Teleteatr"
tərəfdə mənim qapı qonşum idi. Yəni mən elə dost idim".
Zərgərli həmçinin bildirib ki, sağlığında Bəylərə həmkarları bir dənə də olsun toy verməyib: "Son nəticədə Aygün Bəylərin dünyasını dəyişməsini görəndə, o, konsert
verəndə və dünyasını dəyişən zaman mən Azərbaycanda deyildim... Nigar
Camal ilə Aygün Bəylər 5 il əvvəl birlikdə duet oxumuşdular. O zaman
niyə onları "trend" etmirdiniz? Aygün Bəylər acınacaqlı vəziyyətdə və
xəstə olanda, konsertinə görə evini girov qoyanda harada idiniz? Niyə
Aygün Bəylərə bir dənə də olsun toy və tədbir vermədiniz? Niyə də niyə!?
Sənətkar deyib kənardan sevmək çox asan və rahatdır. Əgər fanat kütləsi
deyilən bir şey varsa, sağlığında dəyər verilməli idi. Ölü ilə reklam
tutmaq, qəbirüstünə getmək, gül qoyub şəkillər çəkdirmək... Aygünün
bacısı bağıra-bağıra dedi ki, bacım torpağa tapşırılanda çəkməyin. Amma
hərənin əlində olan telefon vardı. Nə olub? Olmaz! Sənətkarın dəyərini
sağlığında bilmək lazımdır".
Qeyd edək ki, Əməkdar artist Aygün Bəylər uzun sürən xəstəlikdən sonra
yanvar ayının 7-si, gecə saatlarında Ankarada müalicə aldığı xəstəxanada
vəfat edib.