Qlobal.net xəbər verir ki, tanınan və sevilən müğənni Yaqut Babayeva illər sonra özəl olaraq moderator.az-ın suallarını cavablandırıb.
- Yaqut xanım, siz uzun illərin sevilən müğənnisisiniz. Sizi sənətdən uzaqlaşdıran səbəb nə oldu?
- Deməzdim ki, sənətdən uzaqlaşmışam. Sadəcə bu günki gün, bu günki
il, bu günki səhnələr mənim üçün deyil. Çox şeyləri görürəm. Çox açıq
danışıb kiməsə ipucu vermək istəmirəm. Bəzən efirlərə çıxıb deyirlər ki,
filan müğənni belə, filan müğənni elə. Bu cür söhbətlərdən də uzağam.
Kiməsə daş atmağı xoşlamıram. Sevmirəm bunları. Hər şeyi dadında buraxıb
getmək lazımdır. Mənim 65 yaşım var. 37 ildən çox toylara getmişəm.
Gündə toylarda olmuşam. Son illər gördüm ki, toylarım azalır, yaş da öz
sözünü deyirdi. Zeynəb Xanlarova mahnısında dediyi kimi,"Hər aşiqin
dövranı var". Mənim də dövranım olub, yaşamışam, məncə bəsdir. May
ayının 20-də şair Ramiz Abdullayevin yaradıcılıq gecəsinə dəvət almışam.
O mənim ən məşhur "Telefon" mahnımın söz yazarıdır. Bir də görürsən ki,
yaxın adamlar, məni sevənlər toylarına dəvət edirlər. Kiminsə bostanına
daş atmaq olmasın, amma hansısa restoranda gedib 100 manata, yarım
saatı 50 manata oxumaq mənlik deyil. Çünki mən həmişə öz toylarıma,
yaxşı toylara getmişəm. Bir müğənni var, indi çox məşhurdur. Vaxt olub
ki, mənimlə bir toyda oxuyanda mən 1000 dollar almışam, o isə 10 şirvan.
İndi o bəlkə də 15-20 minə gedir, mən isə oturmuşam evdə. Niyə
oturmuşam evdə? Çünki mən özümə hörmət edən adamam.
- Tamaşaçılarınız, sevənləriniz yolda görüb, yəqin ki, harada olduğunuzu soruşurlar?
- Sevənlərim çoxdur. Onlar da hər şeyi görürlər. Bu dəqiqə heç nəyi
gizlətmək mümkün deyil. Kim necə addım atırsa, hamı çox yaxşı bilir. Bir
neçə il bundan əvvəl məni bir açılışa dəvət etdilər, orada çox tanınmış
bir müğənni tədbiri aparırdı. O məni belə təqdim etdi ki, "Nə vaxt
Aztv-ni açırdım, deyirdilər ki, oxuyur Yaqut Babayeva, indi bəs sizə nə
oldu? Haradasınız?". Məni sevənlər yolda görüb deyirlər ki, "çox
istəyərdik efirlərə çıxasız, sizin üçün darıxmışıq". Bu günlərdə uzun
fasilədən sonra Elgiz Əkbərin verilişində qonaq oldum. Elgiz uzun
müddətdir efirlərdə olmamağımı nəzərə alıb, məndən xahiş etdiki, gözləri
bağlı verilişə çıx. Deyirdi ki, görək səni tanıyacaqlar ya yox?! Sonra
rəyləri oxudum, yazmışdılar ki, Yaqut xanımın addımlarından onun kim
olduğunu bildik.
- Yaqut xanım, gününüz necə keçir?
- Mən Mədəniyyət Nazirliyinin nəzdində Hüseynqulu Sarabski adına
mədəniyyət evində özfəaliyyət ansamblının bədii-rəhbəri işləyirəm. Vaxt
olub ki, mən də özfəaliyyət ansamblına gəlmişəm, iştirak etmişəm. İndi
də oradakı gənclərə vokal dərsləri keçirəm.
- Hansı illərə qayıtmaq istərdiniz?
- 1975-ci ildən 2000-ci illərə qədər olan vaxtı bir də yaşamaq istərdim.
- Səhv etmirəmsə siz həm də əl əməyinizdən istifadə edərək, pul
qazanırsınız. Şirniyyatlar hazırlayırsınız. Bu işlə ciddi məşğul
olursunuz?
- Xeyr, sırf bu işlə məşğul deyiləm, amma müştərilərim var. Sırf bu işlə
məşğul olsaydım mənim də reklamım olardı. Sevmirəm belə şeyləri. Mənə
nə qədər deyirlər ki, "hazırladığın tortun şəkilini çək, yüklə
instaqrama". Mən belə şeyləri xoşlamıram. Mən qurmanam. 3-5 nəfər
tanıyır, bilirlər ki, gözəl yeməklər, şirniyyatlar hazırlayıram. Qoz
mürəbbəsindən başqa hər şeyi hazırlaya bilirəm. Sevmirəm deyə
bacarmıram, sevsəm öyrənib hazırlayaram. Mən heç nədən nəsə düzəldirəm.
Bir dəfə gənclik illərimdə Ağcabədidə toyda idim, qayıdanda bir ailə
məni qonaq etdi. Bakıya pay-püşlə yola saldılar. Təsadüf nəticəsində
həmin ər və arvad bir gün şəhərə gəlib, mənə zəng etdi. Məndə məcbur
bunları qonaq çağırdım. Toyların da elə bir vaxtı idi ki, hər gün toyda
idim. Evdə yemək hazırlamağa mənim heç vaxtım olmurdu. Uşağım dayədə
qalırdı həmin vaxt. Həm də universitetdə oxuyurdum. Soyucududa da kənd
çolpası var idi. Ondan həm şorba etdim, həm də toyuğu qızartdım. Onlar
üçün bir süfrə açdım ki. Sonradan gəlib qulağıma çatdı ki, deyiblər
"Yaqut xanımgilə getdik, bir dənə gözəl yeməklər bişirmişdi ki, gəl
görəsən".O iki yemək görün onlar üçün necə dadlı olub ki, ağızlarında
dad qalıb.