65aa14a133ee7202401242017
Rəşid Behbudovun qayınatası haqda bunları bilirdiniz?.. - FOTO

Görkəmli müğənni Rəşid Behbudovun həyatı, ailəsi, yaxın ətrafı barədə məlumatlar həmişə ictimai maraq doğurub. Dünya şöhrətli sənətkarın həyat yoldaşı Ceyran Behbudovanın kimin qızı olduğunu çoxları bilmir.
Modern.az saytının məlumatına görə, Rəşid Behbudovun qızı Rəşidə xanım ana babası barədə danışıb
Onun sözlərinə görə, babası (Rəşid Behbudovun qayınatası) Balabəy Mehdi oğlu Mürsəlbəyov Azərbaycan Xalq Cümhuriyyətinin hərbi qüvvələrinin sıralarına qoşulan ilk könüllülərdən olub.
Rəşidə Rəşid 16 yanvar tarixinin Behbudovlar ailəsi üçün əlamətdar günlərdən biri olıduğunu qeyd edib. Belə ki, 1901-ci ilin məhz bu günündə Balabəy Mehdi oğlu Mürsəlbəyov dünyaya gəlib. 

“Çox sevdiyim babam və nənəm boya-başa çatmağımda, formalaşmağımda böyük əmək sərf ediblər.
Babam Balabəy Mehdi oğlu 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yenicə yaratdığı Milli Ordu sıralarına yazılıb. Sonrakı illərdə banditizmlə mübarizə üçün yaradılmış xüsusi eskadronun komandiri kimi fəaliyyət göstərib. İkinci Dünya müharibəsi dövründə babam respublika hərbi komisarının müavini vəzifəsində çalışıb.
Müharibədən sonra babama Azərbaycan Dövlət İppodromunun yaradılması həvalə olunub. Babam bu İppodromu yaradıb və 40 ildən artıq müddətdə ona rəhbərlik edib. Babamın xidmətləri sayəsində Dövlət İppodromunun şöhrəti Azərbaycanın sərhədlərini aşaraq bir çox ölkələrə yayılıb.
Balabəy Mehdi oğlu milli at cinslərinin qorunub saxlanmasında xüsusi xidmətlər göstərib. Babamın dövründə Azərbaycan Dövlət İppodromunun atçıları müxtəlif beynəlxalq yarışlarda saysız-hesabsız mükafatlar qazanıblar.
Balabəy Mürsəlbəyov göstərdiyi xidmətlərə görə orden və medallarla təltif olunub.
Sevimli babam və nənəm mənim ilk həyat müəllimlərim idi. Tariximizə, ədəbiyyatımıza marağı mənə babam aşılayıb.
Mən valideyinlərimlə yanaşı babam və nənəmə bu həyatda qazandığım hər şeyə görə çox minnətdaram”.
Rəşidə xanım bildirib ki, babası Balabəy Mürsəlbəyov 1987-ci ildə 86 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Rəşid Behbudov 1989-cu il iyunun 9-da vəfat edib.
Dahi sənətkarın xanımı Ceyran Behbudova isə 2017-ci ilin mayında dünyasını dəyişib.


Şəkildə: Balabəy Mürsəlbəyov, qızı Ceyran xanım və həyat yoldaşı ilə...

19.01.2024 09:47
1881