rəşad dağlı

Rəşad Dağlı qətl törətdi, polisə təslim oldu - TƏFƏRRÜAT

Meyxanaçı Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov Bakının Qaradağ rayonunda qətl törədib.

1984-cü il təvəllüdlü R.Əmirov İsgəndər adlı şəxsi bıçaqla öldürüb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, meyxanaçının bıçaqladığı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev xeyli vaxt həbsxanada imiş və azadlığa yeni çıxıbmış. Hadisəyə isə İsgəndərin Rəşad Dağlının arxasıyca söyüş söyməsi səbəb olub.

Belə ki, Rəşad Dağlı İsgəndərlə məsələyə aydınlıq gətirmək üçün onu görüşə çağırıb və bu gün səhər saat 05 radələrində hər iki şəxs yaşadıqları Lökbatan qəsəbəsində görüşüblər. Şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Rəşad Dağlı İsgəndəri bıçaqlayaraq öldürüb. 

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev bildirib ki, Rəşad Dağlı qətli törətdikdən sonra polis bölməsinə gələrək cinayətini etiraf edib və təslim olub.

"Məlumata görə, onlar arasında daha əvvəl də ədavət olub”, - E.Hacıyev qeyd edib.

xxx

Rəşad Dağlının qətlə yetirdiyi şəxslə bağlı bəzi məqamlar üzə çıxıb. 

Rəşad Dağlı meyxanaçı Ələkbər Yasamallının dayısı oğlunu qətlə yetirib. 

R. Əmirov  İsgəndər Mehdiyevə ürəyindən 6 bıçaq zərbəsi vurub.

xxx

Noyabrın 9-u saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ Rayon Prokurorluğundan Qlobal.net-ə verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

09.11.2022 10:40
show 3071