Rəna Soltanova yoxlama aparanları təhqir edibmiş

Rəna Soltanova yoxlama aparanları təhqir edibmiş - 5 klinikası var - FOTO

Xəbər verdiyimiz kimi,  Bakı şəhəri, Yasamal rayonunda yerləşən "Laser Beauty Estetik Klinikası" bağlanıb.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin klinikada apardığı yoxlamalardan sonra belə qərar qəbul olunub.

Eyni zamanda o da məlum olub ki, yoxlama zamanı baş həkim Rəna Soltanova və klinikanın rəhbəri Yeganə Cəfərova yoxlama aparan şəxslərə qarşı qeyri-etik hərəkətlər ediblər. R.Soltanova və Y.Cəfərova yoxlama aparan mütəxəsislərə qışqıraraq telefonu onların üzərinə çırpıb, onları işdən çıxarmaqla hədələyiblər. 


Fotoda Rəna Soltanova

Milli.Az-ın əldə etdiyi məlumata görə, sözgedən klinikanın paytaxtın 5 fərqli ünvanında filialı mövcuddur. 

Klinika sosial mediada və bir sıra digər şəbəkələrdə tanınmış şəxslər tərəfindən də reklam olunub. 

Klinikanın adı daha əvvəl də qalmaqalda hallanıb. Belə ki, 2023-cü ildə klinikada əməliyyat olunan Azərbaycanın Xalq artistlərindən birinin gəlinin səhətində problemlər yaranmışdı. etik səbəblərdən adını açıqlamadığımız xəstə "Laser Beauty" Klinikasının (LB Clinik) "Neapol" filialında estetik əməliyyat olunaraq evə buraxıldıqdan sonra - gecə saatlarında səhhəti qəfil pisləşib və komaya düşüb. Yaxınları xəstəni təcili Mərkəzi Gömrük Hospitalına aparıblar. Xəstə sözügedən hospitalda 10 gün koma vəziyyətində qalıb.

Həmin zaman da diqqət çəkən məqam o olmuşdu ki, xəstənin ilkin əməliyyat olunduğu "Laser Beauty" Klinikasının "Neapol" filialının estetik əməliyyatların aparılması üçün uyğun lisenziyaya malik olmadığı bildirilirdi. 

Qeyd edək ki, "Laser Beauty Estetik Klinikası" MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 587 793 manat, qanuni təmsilçisi isə Yeganə Cəfərovadır. Klinikanın təsisçisi və baş həkimi məşhur kosmetoloq Rəna Soltanovadır

24.01.2025 12:28
show 546