Rəisinin öldüyü qəzanın YENİ DETALLARI– Rus generallar SİRLƏRİ AÇIR
“İran prezidentinin helikopterinin həddindən artıq yüklənməsi qəzaya səbəb ola bilərdi. Ümumiyyətlə, İslam Respublikasında mövcud olan təyyarə parkı xeyli köhnədir”.Bu barədə Rusiya qəhrəmanı, Aviasiya general-mayoru Sergey Lipovoy qəzanın səbəbləri ilə bağlı fikir bildirərkən deyib.
O bildirib ki, helikopterin tamamilə yanması səbəbindən insanları xilas etmək şansı praktiki olaraq mümkün deyildi. Qəza mayakının yanması isə axtarışların uzun çəkməsi ilə nəticələnib.
“Qəzanın səbəbi pilotun səhvi ola bilərdi. Eyni zamanda “Bell 212″nin həddindən artıq yüklənməsi ehtimalını da nəzərdən qaçırmaq olmaz. Bu, böyük tutumlu helikopter deyil. Təyyarədə səkkiz nəfərin olması belə bir model helikopter üçün çoxdur. Bundan əlavə, ola bilər ki, buzlanma əleyhinə sistem işləyib. Bu səbəbdən də itələmə və qaldırma qüvvəsi zəifləyib. Məhz bu amil helikopterin vaxtında təhlükəsiz hündürlüyə qalxmasına imkan verməyib”, – ekspert vurğulayıb.
Hərbi ekspert, aviasiya mühəndisi Aleksey Leonkov da qəzaya həm pilot səhvinin, həm də helikopterin texniki nasazlığının səbəb ola biləcəyini istisna etmir.
“Biz helikopterin qalıqlarının texniki ekspertizasını aparmalıyıq. Bütün texniki pasportları qaldırmaq lazımdır. Ona necə qulluq edildiyi, komponentlərinin dəyişdirilib-dəyişilmədiyi araşdırılmalıdır”.
Rusiyalı hava mütəxəssisi Yevgeni Tişkovets isə bildirib ki, qəzanın baş verdiyi ərazidə termal depressiya müşahidə olunub, dağ zirvələri buludlarla örtülüb.
“Qəza baş verən bölgədə hava şəraiti çətindir. Dağ zirvələri, təpələr və aşırımlar buludlarla örtülüdür. Həmçinin 3,5 kilometrdən yuxarı hündürlükdə isə buzlaşma var”, – sinoptik bildirib.
Bu versiyanı Rusiyanın Əməkdar Hərbi Pilotu, general-mayor Vladimir Popov da istisna etmir. Onun sözlərinə görə, hava məkanından istifadəyə nəzarət və meteoroloji təminat xüsusən də dağlıq ərazilərdə çətindir. Dağlıq ərazilərdə günəş şüalarının bucağına görə işıqlandırma əhəmiyyətli dərəcədə pozulur və qaya ilə toqquşma ehtimalı artır. Bundan əlavə, yer isinir və havada burulğanlı turbulentlik yarana bilir”.
Bəs görəsən, İran sanksiyalar altında hansı təyyarə parkından istifadə edir?Ölkəuzun illərdir ki, sanksiyalar altındadır və yeni təyyarələr və helikopterlər ala bilmir. İranın hava donanması dünyanın ən qədim donanmalarından biridir. Məsələn, “Iran Air” beynəlxalq aviaşirkətinin təyyarələrinin orta yaşı 18,4 ildir. 2016-cı ildə sanksiyalar müvəqqəti olaraq götürüldükdə, aviadaşıyıcı 11 yeni təyyarə almağa nail olub. Buna baxmayaraq, şirkətin sərəncamında 30 ildən artıq istismarda olan təyyarələr var. İranın 386 təyyarəsinin yarısı ehtiyat hissələrinin olmaması səbəbindən yararsız haldadır. Amerikanın “Bell 212” helikopteri isə 1960-cı illərin sonlarında hazırlanıb. Buna baxmayaraq Rəisinin uçduğu bu model indi də bir çox ölkələrdə istifadə olunur.(Globalinfo.az)