664adfadf328f202405242917

Rəisinin iki gün əvvəl sərhəddə dediyi tarixi SÖZLƏR: Bu dəhlizlə...

Xəbər verdiyimiz kimi, İran Prezidenti Rəisini daşıyan helikopter mayın 19-u axşam saatlarında İranın şimal-qərbindəki dağlıq ərazidə qəzaya uğrayıb. Onun axtarışları 10 saatdan çox davam edib. İran prezidentinin ölümü ilə əlaqədar Türkiyə, Hindistan, İraq və Suriyada milli matəm elan edilib.

İranda müvəqqəti olaraq prezident vəzifəsini birinci vitse-prezident Məhəmməd Möhbər icra edəcək. Bu, ölkə Konstitusiyasında nəzərdə tutulub. 50 gün ərzində yeni dövlət başçısı üçün növbədənkənar seçkilər keçirilməlidir.

19 mayda İran Prezidenti İbrahim Rəisi və XİN başçısı Hüseyn Əmir Abdullahian Şərqi Azərbaycan əyalətində, Uzi və Pir kəndləri arasındakı meşədə helikopter qəzasında həlak olub. İbrahim Rəisi ölümündən öncə,  mayın 19-da Azərbaycanla sərhəddə Prezident İlham Əliyevlə görüşəndən sonra Təbrizə gedirmiş.

Azərbaycan və İran prezidentləri ötən gün Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində iştirak ediblər.


Azərbaycan prezidenti İlham Əliyevlə birgə qatıldığı mərasimdə İbrahim Rəisinin iki ölkə arasında münasibətlərin daha da genişlənməsinə xidmət edən bəzi çıxışları təqdim edirik.

- Araz çayı hər zaman İran və Azərbaycan arasında, xalqlarımız arasında bir bağ olmuşdur. Xüsusilə də Şərqi Azərbaycan əyaləti, Azərbaycan və Ərdəbil arasında hər zaman bir bağ olmuşdur. Bu bağ 50 il əvvəl iki ölkə və iki xalq arasındakı əməkdaşlığın nəticəsində yaranmışdır və bu günə qədər də davam edir;

- Bu layihə, eyni zamanda, regionda iki ölkənin siyasi və əməkdaşlıq iradəsinin göstəricisidir. Bu layihə çox böyük önəm kəsb edir və təbii ki, iki ölkənin xalqları arasında çox böyük ümid, eyni zamanda, düşmənlər üçün isə qısqanclıq yaradır;

- Biz təbii ki, qardaş, qonşu və dost ölkələrik. Xüsusilə Ali Dini Rəhbərin bildirdiyi kimi, İranın Azərbaycanla olan əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür. Bu, qohumluq əlaqəsidir. Bu əlaqə və bağ çox möhkəm, çox dərin bir bağdır. Bu bağ, bu əlaqə iki ölkənin dərin tarixi, mədəni və dini əlaqələrinə söykənir;

- Xüsusilə də təhlükəsizlik və müdafiə sahəsində də iki ölkə arasında əlaqələr artırılmalıdır;

- Cənab Prezident İlham Əliyevə bildirdim ki, İran İslam Respublikasının Azərbaycan Respublikası ilə əlaqələri inkişaf etdirmək üçün heç bir maneə yoxdur. Bizim əlaqələrimiz bütün sahələrdə ən yüksək səviyyədə olmalıdır;

- Fürsətdən istifadə edərək azərbaycanlı dostlarımızı da təbrik edirik ki, ölkənin suverenliyini və ərazi bütövlüyünü bərpa etmişlər;

- Biz Qarabağın Azərbaycanın ərazisi olduğunu səlis formada, tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq. Bu bölgədə, Qarabağda dirçəliş proqramı əsasında əməkdaşlığımızı hər zaman göstərməyə hazır olduğumuzu bir daha bildirmək istəyirəm;

- Kəlalə-Ağbənd bölgəsində 140 kilometr uzunluğunda dəmir yolu və avtomobil yolunun üzərində tikilən körpülər də strateji layihələrdir. Bu layihəni biz çox sürətlə davam etdiririk. Buraya gələrkən mən oraya baş çəkdim. Orada altı istiqamətdə işlər çox intensiv şəkildə davam etdirilir. Mən əməkdaşlarıma və şəhərsalma nazirinə də təkidlə tapşırdım ki, biz bu layihəni vaxtından əvvəl - 36 aydan da tez bitirib istismara verməliyik. Çünki bu, iki ölkə arasındakı əlaqələrdə çox önəmli bir dəhlizdir;


İran Prezidenti İbrahim Rəisidən başqa, helikopterdə xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Təbrizin imamı Seyid Məhəmməd Əl Haşim, Şərqi Azərbaycan valisi Malik Rəhməti, Sərdar Seyid Mehdi Musəvi, Prezidentin Mühafizə Birliyinin komandiri və bir sıra mühafizəçilər və ekipaj üzvləri olub.

İranın xəbər agentliyinin məlumatına görə, helikopterin qəzaya uğramasına “uyğun olmayan hava şəraiti" səbəb olub. Məhəmməd Möxbər İranın müvəqqəti prezidenti təyin edilib, İranın dini lideri Ayətullah Xameneyi belə qərar verib. O, bu vəzifəni iki ay icra edəcək. İran Konstitusiyasına görə, 50 gün ərzində prezident seçkiləri keçirilməlidir.

İbrahim Rəisi mayın 19-da Azərbaycanla sərhəddə Prezident İlham Əliyevlə görüşdükdən sonra Təbrizə gedirmiş. Azərbaycan, Rusiya, Ermənistan, İraq, Birləşmiş Ərəb Əmirlikləri İrana dəstək təklif edib.

Prezident İbrahim Rəisinin ölüm xəbərinin təsdiqlənməsindən bir neçə saat sonra İran hökumətinin tərəfdarları Tehranda meydanlara axışmağa başlayıblar. Onlar əllərində mərhum prezidentin fotolarını tutublar. (referans.az)

 

21.05.2024 09:47
show 388