Rəis sürücünü “Olar səni qucaqlayım?” şeirinə görə işdən qovdu
Mədəniyyət
Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə
Dövlət Xidmətinin rəisi "Olar səni qucaqlayım?” şeirinə görə işdən
qovduğu sürücünün məhkəmə şikayəti təmin edilməyib.
Qaynarinfo-nun məlumatına görə, Dövlət Xidmətinin ştatdankənar
sürücüsü Sərxan Həmzəyev (soyad şərti) sözügedən şeirə görə Əmək
Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən işdən (qeyri-iş
vaxtında) azad edilib.
Sərxan izahatında bildirib ki, işlədiyi müddətdə bütün kollektivlə
mehriban, söz-söhbətsiz, səmimi davranışına görə hər kəsin yanında
hörməti olub. Heç kimlə mübahisə etməyib. Hər zaman bayramlarda və yaxud
adi günlərdə belə "WhatsApp” proqramı vasitəsilə iş yoldaşları ilə
bir-birlərinə videoroliklər, şeirlər göndəriblər. Son günlər sosial
şəbəkələrdə poetessa Aytac xanımın "Olar səni qucaqlayım?” şeiri
paylaşılıb. Bu şeirə qulaq asanda o, çox kövrəlib, çünki əzizlərini
itirmiş insanlara aid şeir olub. O, da insan olaraq atasını, anasını və
bacısını itirib. Həmin şeiri telefonuna yükləyib həyat yoldaşına,
bacısına, qohumlara, tanışlara, özünə yaxın bildiyi, ərk etdiyi iş
yoldaşlarına göndərib. Göndərdiyi hər kəsdən müsbət cavab alıb. Lakin
onların arasında Dövlət Xidmətinin Mədəni irsin inkişafı və bərpası
şöbəsinin aparıcı məsləhətçi vəzifəsini müvəqqəti icra edən Nərmin
Bayramova onun göndərdiyi şeiri qeyri-adekvat başa düşərək, bunu etik
normalardan kənar bir şeir kimi qəbul edib.
Sürücü "şeiri niyə belə mənada başa düşdüyünü" ondan soruşub. Lakin
Nərmin xanım ona cavab verməyib və danışmaq istəməyib. Səhər isə
rəhbərliyə ondan şikayət edib. Qurumun rəhbəri bununla bağlı həm
Sərxana, həm Nərmin xanıma izahat yazdırıb.
Nərmin Bayramova izahatında qeyd edib ki, qeyri-etik ifadələrlə
dolu olan "TikTok" videoçarxını şərəf və ləyaqətə təhqir, kollektivdəki
nizama xələl gətirən bir hal kimi qəbul edir. Şeiri göndərdikdən sonra
Nərmin Bayramova sürücüyə "Sərxan müəllim, yanlışlıqla videoçarxı mənə
göndərmisiz” yazdığını, sürücünün isə "xeyr, düz göndərmişəm, şeir çox
təsirlidir” cavabını verdiyini bildirib.
Nərmin Bayramova izahatında onu qeyd edib ki, Sərxan onun şərəf və
ləyaqətini alçaldıb. Lakin sürücü belə bir niyyətinin olmadığını və
onunla danışmağa çalışdığını bildirib.
Xidmətin rəis müavini Ağacavid Ramazanovun imzası ilə təcili
şəkildə əmr hazırlanıb. Sənəd xidmət rəisinə təqdim olunub və Sərxan
Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən işdən (qeyri-iş
vaxtında) azad edilib.
Məhkəmə Sərxanın Dövlət Xidmətinə qarşı 3-24-1/3-3-K-12/2023 saylı,
2023-cü il tarixli əmrin ləğv edilməsi və işə bərpa olunması barədə
iddia tələbini iddia müddətinin ötürülməsi ilə əlaqədar təmin etməyib.