Reanimasiya dəhşətləri: Ölüm anında həkimdən nə istəyirlər?
Reanimasiya
şöbəsi Şeksprin "Ölüm, ya olum?" dilemmasının çözüldüyü yerdir. Burda
ən ağır xəstələr yatır. Onların həyatda qalması üçün çarpışan həkimlər
isə fədakar reanimatoloqlardır. Tibb təhsili alanların çoxu bu peşəni
seçmir. Seçənlər isə az qala hər gün ağır əzabların şahidi olur, üzüntü
keçirirlər.
Qlobal.net bildirir
ki, "Medicina" ölkənin ən peşəkar reanimatoloqlarından biri, "Yeni
Klinika"nın reanimasiya şöbəsinin müdiri, reanimatoloq Emil Qasımovdan
müsahibə alıb. O, əməkdaşımızın suallarına fərqli və düşündürücü
cavablar verib:
“Reanimasiyaya
ambulator və stasionarda müalicə edilə bilməyən, intensiv terapiyaya
ehtiyac duyulan, ciddi orqan yetməzliyi yaranan xəstələr daxil olur.
Bunlara kritik xəstələr deyirik. Reanimasiyaya qəbul olunanlar ağır
pnevmoniyalı xəstələr, kəskin respirator distress sindromu, böyrək
çatışmazlığı, qaraciyər zədələri, miokard infarktı, insultlar,
qanamalar, ağır qəza keçirənlər, həyati əhəmiyyətli orqanları ciddi
zərər görmüş xəstələrdir.
Kəskin
xəstəlikləri reanimasiyada sağaldıb, xəstəni həyata tam yararlı,
problemsiz göndərə bilərik. Hətta xəstə intubasiya olunsa, süni komaya
salınsa belə, heç bir ciddi fəsad qalmır. Buna hətta nümunələr də var:
pandemiya dövründə bir çox məşhur insanlar EKMO cihazına qoşuldular,
indi həyatlarını normal yaşayırlar".
Emil Qasımovun sözlərinə görə, bir qism xəstə qrupu var ki, onlar üçün reanimasiya müalicəsi ağırdır: "Bunlar
xroniki xəstələr, yaşı 60-dan yuxarı insanlar, ürək xəstələri və
b.-dır. Onlarda immunitet artıq zəifləmiş olur və xroniki xəstəliklərin
kəskinləşməsi nəticəsində reanimasiyaya düşürlər. Bu xəstələrdə bəzi
orqanlarda zədə və problem qala bilər”.
Həkim xəstənin süni komaya necə və hansı səbəbdən salındığını da açıqlayıb: “Reanimasiyada
xəstələrin böyük qismi süni komada olmalıdır. Çünki həyati önəmli
orqanların çatışmazlığı zamanı xəstə intubasiya edilib, süni tənəffüs
aparatına qoşulur. Bu aparat ağciyərə dəstək sistemidir. Bunun üçün
xəstələri sedativ dərmanlarla məcburi yatızdırırıq ki, bu dövr fəsadsız
olsun və biz zaman qazanaq. Ümumiyyətlə, zədələnmiş orqan tam bizim
kontrolumuza keçməlidir. Orqan sağaldığı dövrdə sedativ dərmanlar
yavaş-yavaş azaldılır, kəsilir və xəstə ayılır”.
Süni
komada, ölüm ayağında olan xəstələr son anda həkimini görür. Bu zaman
nəsə arzulayan, doğmalarına nəsə çatdırmaq istəyən xəstələr olurmu?
Adətən ölüm ayağında insan nə istəyir?
Emil həkimin bu suallara cavabı qeyri-adi oldu: “Biz
xəstələri süni komaya salanda qısa söhbətimiz olur, izah edirik ki,
indi nə edəcəyik. Çünki biz bilirik ki, çox ağır bir dövrə keçirik.
Mənim gördüyüm budur ki, heç kim həyatını itirmək istəmir. Heç kim ölmək
istəmir. Çox xəstələr imdad istəyir: doktor, məni oyadarsan, elə et ki,
geri gəlim. Bunlar çox çətin səhnələrdir.
Reanimasiyada
xəstələr ağır vəziyyətdə olduqları üçün şüurları çox açıq olmur, ona
görə çox danışmırlar, vəsiyyət etmirlər, ümumiyyətlə, o halda olmurlar.
Pandemiyaya
və COVID-ə nifrət edirəm, çox ağır, kritik xəstələr oldu, hətta
doğmalarım, kolleqalarım arasında. Birinin adını çəkim: həkim Niyazi
Eminov. Şükür ki, indi ailəsinin başındadır.
Bu
yaşıma qədər çox ölüm görmüşəm. Ölümdən qorxmuram. Bunu hər kəs
dadacaq. Bu dünya imtahan dünyasıdır. Əsas haqq dünyasında harda
olacağımız önəmlidir”.