6645dfabe3b94202405242755

Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR

Hindistan qarşıdakı 10 il ərzində Çabahar limanını idarə etmək üçün İranla müqavilə imzalamağa hazırlaşır. Bu barədə “The Economic Times” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, Hindistanın limanlar, gəmiçilik və su yolları naziri Sarbananda Sonoval sazişi imzalamaq üçün bu gün İrana səfər edəcək. Hindistan ilk dəfədir ki, xarici limanın idarəçiliyini öz üzərinə götürür. Yeni müqavilə 10 il müddətinə qüvvədə olacaq və avtomatik yenilənəcək.

Bu qərar ciddi regional nəticələrə səbəb olacaq. İranla əməkdaşlığın inkişafı istiqamətində mühüm geosiyasi addım kimi qiymətləndirilir. Hindistanın Əfqanıstan, Mərkəzi Asiya və daha böyük Avrasiya regionu ilə əsas əlaqəsi olan limanın Pakistanın Qvadar limanı, eləcə də Çinin “Bir kəmər və yol” təşəbbüsü ilə rəqabət aparacağı gözlənilir.

Məlumata görə, İranla Hindistan arasında Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı anlaşma artıq əldə edilib. Həmin razılaşmaya görə, İranın Çabahar limanını icarəyə götürən Hindistan yükləri Azərbaycan üzərindən Rusiya və əks istiqamətdə daşıyacaq, həmçinin bu çərçivədə Dehli ilə Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.

Məsələ ilə bağlı Referans.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, həm Hindistanın, həm də İranın mövqeyində yaxın gələcəkdə dəyişikliklər baş verəcək: “Hər iki ölkənin geopolitik maraqları Azərbaycanla müqayisədə fərqli olsa da, iqtisadi maraqlar hər zaman ön planda olur və bəzən geopolitik maraqları böyük ölkələrdə iqtisadi maraqlar təmin edir. Buna görə də böyük ehtimalla, həm Hindistan, həm də İran Azərbaycana qarşı münasibətini ciddi şəkildə dəyişməli olacaq, çünki Azərbaycan hazırda dünyanın bir çox istiqamətinə yönələ, xüsusən də, Avropa və Asiyanı birləşdirə biləcək əsas nəqliyyat kommunikasiya xəttlərinin üzərində yerləşir. Hindistanın da inkişaf etməkdə olan bir dövlət kimi Azərbaycan üzərindən keçən nəqliyyat kommunikasiya marşrutunda olduqca ciddi maraqları ola bilər”.


Politoloq qeyd edib ki, Hindistan daha asan və effektiv yolla Avropa ölkələri ilə ticarət əlaqələrini genişləndirə bilər. Onun sözlərinə görə, yaxın vaxtlarda Zəngəzur dəhlizi həm Asiya, həm də Avropa ölkələri üçün əsas hədəf roluna çevrilmiş olacaq: “Yaxın gələcəkdə Türkiyə və Azərbaycan da daxil olmaqla Zəngəzur dəhlizinin açılmasında marağı olan ölkələrin sayı sürətlə genişlənəcək. Asiya və Avropa ölkələri başda olmaqla, xüsəsən də, Çin bu dəhlizin açılması üçün ciddi səylər ortaya qoyacaq”.

Elçin Xalidbəyli əlavə edib ki, Rusiya və Ukrayna arasında gedən müharibə və noyabr ayında ABŞ-da seçkilər bitdikdən sonra Zəngəzur dəhlizinin açılması ilə bağlı daha geniş imkanlar yaranmış olacaq. 


16.05.2024 14:26
show 431