Ağsu rayonunda 1968-ci il təvəllüdlü İsmayıl 2021-ci il yanvarın 20-də qohumu Mübarizi (adlar şərti verilib – red.) güllələyib.
Teleqraf.com -un əldə etdiyi məlumata görə, Ağsu rayonu Qaraqoyunlu kənd sakini Mübariz bir neçə il bundan əvvəl ölmüş qardaşı Sadiqin arvadı Şahnazla İsmayılın yaxın münasibətdə olmaları barədə kənd sakinləri arasında şayiə yayıb.
Bu səbəbdən İsmayıl uzun müddət aralarında davam edən ədavətə son qoymaq və qisas almaq məqsədi ilə onu öldürmək qərarına gəlib.
İsmayıl yaşadığı evdən ov silahını götürüb və “Mercedes C180” markalı avtomobillə Mübarizi təqib edib, Qaraqoyunlu kəndi ərazisində Şahnazın evinin yaxınlığında avtomobilini saxlayıb. Avtomobildən düşüb, silahı götürərək Mübarizə tuşlayıb, ona böhtan atdığına görə diz çökərək üzr istəməsini tələb edib.
Mübariz ona əhəmiyyət vermədən yoluna davam edib. İsmayıl silahdan bir dəfə atəş açıb, onun boyunun sol arxa nahiyəsindən vurub. Yaralıya xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
“Atəş aşmamışam”
İstintaq orqanı tərəfindən İsmayılın barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi araşdırılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Bilal Məmmədovun sədrliyi ilə araşdırılıb.
Məhkəmədə ifadə verən İsmayıl ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, yanvarın 20-də Mübarizə ov silahından atəş açmayıb: “Həmin gün yaşadığım evin həyətində saxladığımız cücələrə qarğa hücum etdiyi üçün ov silahını götürdüm və qarğaya atəş açdım. Bu vaxt qırmalar küçə ilə hərəkət edən Mübarizə təsadüfən dəydi. Mübarizlə heç bir düşmənçilyim, ədavətim olmayıb. Mübarizə qəsdən atəş açmamışam”.
“Söz-söhbətlərə son qoymasını xahiş etdim”
İstintaq zamanı isə İsmayıl fərqli ifadə verib və hadisənin detallarını tam açıqlayıb. İsmayıl ibtidai istintaqa ifadəsində göstərib ki, Mübariz həmkəndlisi olmaqla, həm də atasının əmisi nəvəsidir:
“Mübarizlə qohum olmağımıza baxmayaraq, 2006-cı ildən münasibətlərimiz pozulub, bir-birimizlə danışmamışıq. Mübariz məni mərhum qardaşı Sadiqin arvadı Şahnazla yaxın münasibətə olmaqda ittiham edib. Mübarizə şayiə yaydığına görə bir neçə dəfə iradımı bildirmişəm. Hətta ondan söz-söhbətlərə son qoymasını da xahiş etmişəm”.
İsmayıl qeyd edib ki, 2017-ci ildə Mübarizin qardaşı Sadiq xəstəlikdən vəfat edib: “Bundan sonra Mübariz tez-tez qardaşının evinə gedirdi. Onun bu hərəkətləri məndə şübhə yaratdı. Bir neçə dəfə Mübarizə Sadiqin evinə getməməyi məsləhət gördüm, kənd sakinlərinin qardaşı arvadı ilə yaxın münasibətdə olmasından danışdıqlarını bildirdi. Mübariz bu sözlərimə məhəl qoymadı”.
“Mənə əhəmiyyət vermədi”
Təqsirləndirilən şəxsin sözlərinə görə, 20 yanvar 2021-ci ildə səhər saat 11 radələrində yaşadığı evdən çıxıb və idarə etdiyi “Mercedes C180” markalı avtomobillə Mübarizin evindən təxminən 150 metr məsafəyə gəlib:
“Orada avtomobildən düşdüm, çəpərə alınmış sahəyə göz gəzdirdim. Bu vaxt Mübariz azyaşlı nəvəsi də qucağında kənd sakini Vəli ilə yanımdan keçdi. Hər ikisinə salam verdim. Vəli salamımı alsa da, Mübariz mənə heç nə demədi.
Mübarizin bu hərəkəti mənə pis təsir etdi. Ona yenidən salam deyə müraciət etsəm də, mənə əhəmiyyət vermədən evlərinə getdi”.
“Dedim ki, Mübariz görürsən, indi hər şey sübut olunur”
İsmayıl qeyd edib ki, bir neçə dəqiqə torpaq sahəsində işlədikdən sonra, kənd sakini mərhum Əlinin yas mərasiminə getmək üçün avtomobilinə oturub: “Bu vaxt Mübariz də evlərindən çıxdı. Yas mərasiminə gedəcəyini düşündüyüm üçün onu avtomobilimə dəvət etdim. Lakin o, təklifimi qəbul etməyərək oradan uzaqlaşdı. Avtomobilimlə yas mərasiminə getdim.
Yasdan sonra evimizə qayıtdım. Nahar edib, saat 14 radələrində evdən çıxdım və avtomobilə əyləşərək su gətirmək üçün kənd sakini Qarabağ əlili Vahidin evinə tərəf sürdüm. Sadiqin evinin yaxınlığına çatanda Mübarizi onun evinə tərəf gedən gördüm, avtomobilimi saxladım, aşağı düşdüm.
Mübarizi arxadan səsləyərək dayanmasını tələb etdim, dayanmadığına görə avtomobildə olan qoşalüləli ov silahını götürüb, arxasınca düşdüm. Aramızda təxminən 5 metr məsafə qalmış Mübariz dayandı, mənə tərəf çevirildi. Ona dedim ki, Mübariz, görürsən, indi hər şey sübut olunur, sən özün qardaşın arvadının yanına gəlirsən. Mübariz isə mənə “sən oğraşsan” dedi. Geri çevirilərək məndən uzaqlaşdı”.
İsmayıl bildirib ki, Mübarizin bu sözləri ona pis təsir edib: “Əsəbləşərək silahı qaldırdım, havaya atəş açmaq istəyəndə özümün də bilmədiyim səbəbdən qırmalar Mübarizin kürək nahiyəsindən dəydi. Mübariz qaçaraq getdi. Mən isə silahımı avtomobilə qoydum, Ağsu rayon polis şöbəsinə gəldim, könüllü təslim olaraq özüm ilə gətirdiyim silahı və patronları təqdim etdim”.
“Evdən qovmuşam”
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Mübarizin sözlərinə görə, İsmayıl onun həmkəndlisi olmaqla, həm də eyni nəsildəndirlər: “Mübarizin mərhum qardaşım Sadiqin arvadı Şahnazla münasibətdə olmasından şübhələndiyimə görə onunla əlaqəni kəsmişəm. Hələ qardaşımın sağlığında bir neçə dəfə İsmayıla bu hərəkətinə görə iradımı bildirərək evdən qovmuşam.
Bu hadisə çox əvvəllər olduğuna görə bundan sonra ümumiyyətlə İsmayılla bu barədə heç nə danışmamışam. İsmayılın nə vaxt görsəm, ondan uzaq durmağa çalışmışam. Həmçinin ailə üzvlərim də İsmayılın xeyir-şər mərasimlərində iştirak etməyiblər”.
“Dedim ki, səninlə heç bir münasibətim yoxdur”
Mübariz qeyd edib ki, 2020-ci ilin yayında İsmayılla torpaq sahəsinin suvarılması üstündə mübahisə ediblər: “20 yanvar 2021-ci ildə saat təxminən 11 radələrində azyaşlı nəvəmlə mərhum qardaşım Sadiqin evindən çıxdım və yaşadığım evə doğru gələrkən küçədə kənd sakini Vəli ilə rastlaşdım. Vəli ilə söhbət edə-edə evin yaxınlığına gələndə İsmayılın özünə məxsus “Mercedes” markalı avtomobilin yanında dayandığını gördüm.
Vəli onunla salamlaşdı, mən isə əhəmiyyət vermədim. İsmayıl qucağımda olan nəvəmi gördü, “Allah saxlasın, Mübariz” dedi. Yenə ona əhəmiyyət vermədim, yaxınlıqda olan evimə gəldim. 20 dəqiqə sonra kənd sakini Əlinin yas mərasiminə getmək üçün evdən çıxdım. Qapıdan çıxarkən İsmayılı yenə eyni yerdə dayandığını gördüm.
İsmayıl avtomobilinə oturmağımı, mənimlə işi olduğunu desə də, təklifi qəbul etmədim. Dedim ki, səninlə heç bir münasibətim yoxdur, avtomobilinə də oturmuram, çıx get, məndən əl çək. Bu sözləri deyəndən sonra yoluma davam etdim. İsmayıl çox təkid etsə də, ona əhəmiyyət vermədim”.
“Məndən əl çəkməsini tələb etdim”
Mübariz deyib ki, həmin vaxt yeznəsi Samirlə rastlaşıb: “Samirin avtomobilinə oturaraq yas yerinə gəldim. Təxminən bir saata yaxın yas mərasimində iştirak etdim. Həmin vaxt İsmayıl da orada idi.
Saat 13 radələrində yas yerindən çıxdım, yolla piyada gələrkən İsmayıl avtomobillə məni təqib etdi. Maşını yanımda saxladı, işi olduğunu bildirərək avtomobilə oturmağımı tələb etdi. Yenə imtina etdim, məndən əl çəkməsini tələb etdim. Bundan sonra İsmayıl oradan uzaqlaşdı”.
Mübarizin ifadəsinə görə, saat 14 radələrində qardaşı Sadiqgilə getmək üçün evdən çıxıb: “Həmin gün səhər saatlarında Sadiqgildə olan zaman qardaşım arvadı tozsoranın işləmədiyini, günorta gələrək tozsoranı düzəltməyimi, həm də evlərinin həyətində iki ağac əkməyimi xahiş etdi.
Bu məqsədlə evdən çıxdım. Küçədə gedən vaxt İsmayılın maşınla mənə tərəf gəldiyini gördüm. Onunla qarşılaşmamaq üçün addımlarımı tezləşdirdim, qardaşım Sadiqin evinə dönən yola doğru istiqamətləndim. Lakin İsmayıl məni təqib etdi, avtomobilini yanımda saxladı. Yerə düşərək məni səslədi.
İsmayıla əhəmiyyət vermədən hərəkətimə davam etdim. Bu vaxt İsmayıl mənə “dayan, Mübariz, səninlə işim var” dediyi üçün ayaq saxladım, geri çevriləndə onun əlində silah olduğunu gördüm. İsmayıl mənə “dizi üstə çök və məndən üzr istə” dedi, silahı mənə tərəf tuşladı”.
“Kürək nahiyəmdə ağrı hiss etdim”
Mübariz deyib ki, İsmayılın silahla onu qorxutduğunu, atəş açmağa cəsarətinin olmayacağını düşünüb: “Bu səbəbdən ona dedim ki, get, işinlə məşğul ol. Bundan sonra yoluma davam etdim. Təxminən 5 metr məsafəyə aralanan zaman atəş açıldı, kürək nahiyəmdə ağrı hiss etdim. Dərhal oradan qaçaraq qardaşım Sadiqin evinə girdim. Qışqırıq səsinə qardaşımın arvadı Şahnaz, qızı Könül və azyaşlı nəvələri çölə çıxdı.
Kürəyimdən qan axdığını biləndə qardaşım Babanın evinə keçdim. Oradan iavtomobillə Ağsu rayon Mərkəzi xəstəxanasına gəldim”.
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb.
İsmayıl 9 il müddətinə azadlıqdan məhrum edilib.