Rayonda öz evində diri-diri yandırılan sənətkar – 11 il bağlı qalan cinayətin şok detalları…

1986-cı il, martın 2-də Göyçay rayonunun Şah Sultanlı kənd sakini Ərəstun Nuriyevin evində yanğın baş verir. Ev qısa müddətdə yanaraq külə dönür.
Qlobal.net bildirir ki, alov o qədər güclü idi ki, heç kim yaxınlaşıb yanan evə bir vedrə su tökməyə imkan tapa bilməmişdi. Bu vaxt kənd sakinlərindən biri deyir: “Görəsən Ərəstun evdədir?” Ərəstun görünmürdü. Nəhayət, yanğını söndürmək üçün gələnlər hadisə yerinə çatdılar və alovu söndürməyə başladılar. Artıq milis işçiləri də hadisə yerinə gəlmişdi. Alov səngidikdən sonra camaatın köməyi ilə yanğın yeri daş, torpaq və dəmir qırıntılarından təmizləndi. Ərəstun meyiti yanmış evin qalıqları altından tapıldı. Yataq paltarında idi. O, lal və kar olduğundan güman edirlər ki, yuxulu olub, yatağında odun sobasını söndürməyib, gecə yarısı döşək, yorğan alışıb və Ərəstun da evdən çıxmağa imkan tapmayıb. Ekspertizanın nəticəsində məlum oldu ki, güclü yanğına məruz qalsa da, meyitin baş və çənə nahiyəsində dərin yaralar var. Üstəlik bu yaralar yanğından əvvəl yaranıb. Bu da onu göstərirdi ki, kimsə və ya kimlərsə yanğından əvvəl Ərəstunun evində olub, onu küt alətlə öldürüb və sonradan izləri ört-basdır etmək məqsədilə evi yandırıblar. Deməli, burada adi yanğından söhbət gedə bilməzdi. Əvvəlcədən düşünülmüş, ölçülüb-biçilmiş şəkildə qətl törədilmişdi. Beləliklə, prokurorluq fakt üzrə cinayət işi açdı. Xüsusi əməliyyat qrupu yaradıldı. Mart ayının 2-də ilkin istintaq başladı. İstintaq edilən cinayət çərçivəsində, ilk növbədə cinayətin açılması üçün hadisə yerinə baxıldıqdan sonra zərərçəkmiş şəxsin – Ərəstunun – şəxsiyyəti müəyyən olunmalı idi. Belə ki, bu cür qeyri-aşkar şəraitdə törədilən qəsdən adam öldürmə cinayətlərində zərərçəkmiş şəxsin portreti mütləq müəyyən edilməlidir. Yəni onun haqqında bütün məlumatlar toplanmalı, xarakteri, həyat tərzi, verdikləri vədlər, qonşularla münasibəti, qohumlarla münasibəti, həmçinin iş fəaliyyəti ilə bağlı münasibətdə olduğu şəxslərin dairəsi aydınlaşdırılmalı idi.
11 il bağlı qalan cinayət işinin videoda:
Fidan Məmmədli
Qlobal.net



