Azərbaycanın Cəlilabad rayonunda dəhşətli hadisə baş verib.
Hadisə Uzuntəpə kəndində baş verib. Baş vermiş hadisədə zərərçəkmiş şəxs
2004-cü il təvəllüdlü Şükürova Gülnayə Bəxtiyar qızıdır.
Rayonun Edişə kəndindən olan 17 yaşlı G. Şükürova 3 ay bundan öncə
rayonun Uzuntəpə kəndində Mirzəyevlər ailəsinə gəlib köçüb. O, Mirzəyev
İbrahim Cabir oğlu ilə ailə qurub. Lakin İ.Mirzəyev cinsi problemlərə
görə ər funksiyasını yerinə yetirə bilməyib və G.Şükürovanın bəkarəti
pozulmayıb.
Şükürovlar ailəsinin iddiasına görə, məsələnin bu cür olduğunu başa
düşən Mirzəyevlər ailəsinin başçısı Cabir Mirzəyevin təklifi ilə digər
oğlu Nicat Mirzəyev Gülnayənin razılığı olmadan ona təcavüz edib.
Zorlanmanın təkrar-təkrar baş verdiyini görən Gülnayə özünü oldürmək
istəyib, lakin qayınatası və qayınanası onu sakitləşdirib, hədə qorxu
gəlib və bu hadisə haqqında heç yerdə danışmamağı tapşırıb.
Zorlanma hallarının dəfələrlə baş verdiyi müddətdə Gülnayənin öz ailəsi
ilə ünsiyyətinə qadağa qoyulub. Bu da onun valideynlərində şübhə
yaradıb. Bir neçə dəfə Gülnayə ilə əlaqə yaratmaq, onun halını-əhvalını
soruşmaq istəsələr də, mümkün olmayıb. 1 həftə öncə isə Gülnayə öz
ailəsinə telefonla mesaj yazmağa nail olub və başına gələnlərin hamısını
xəbər verib. Bu mesajdan sonra isə o yoxa çıxıb.
Hadisəni öyrənən Gülnayənin ailəsi polisə şikayət edib. Qızın qardaşı
Daxil Şükürov “Yeni Sabah”a açıqlamasında deyib ki, polis məlum olmayan
səbəblərə görə nəticə əldə etməyə tələsmir: “Polis bölməsində işə
baxılmır. Onun sağ və ya ölü olduğu haqda heç bir məlumat vermirlər.
Gülnayənin evdən getmək səbəbi qaynı tərəfindən təcavüz oub. Biz də
kasıb ailəyik və nə edəcəyimizi bilmirik.
Biz o ailədən soruşuruq, dava edirlər, həyətdən qovurlar və polis
çağırırlar. Deyirlər ki, xəbərləri yoxdur, Bakıya çıxıb gedib. Sən nə
bilirsən Bakıya gedib? Amma hiss edirik ki, doğru danışmırlar. Gülnayə
bizə mesaj yazdı və başına gələnlərin hamısını bildirdi.
Polisdə isə bacımın telefonu və telefon siqnalı nəzarətə götürülməyib.
Gülnayənin yaxınları, onu tanıyan şəxslər və son dəfə görə biləcək
şəxslər araşdırılmayıb və dindirilməyib. Onun gəlin köçdüyü ailənin
üzvlərindən bütün lazımi məlumatlar alınmayıb. Halbuki, ona təcavüz edən
Nicat Mirzəyev dəfələrlə bu əməlini kənddə başqa-başqa adamların
yanında danışıb. Bununla belə, onun barəsində heç bir hüquqi tədbir
görülməyib. Bir neçə dəfə polis bölməsinə çağrılıb, sonradan müəmmalı
səbəblərdən sərbəst buraxılıb”.
Hadisəni araşdıran Cəlilabad Rayon Polis İdarəsinin tədqiqatçısı Nasir
Nəsirli “Yeni Sabah”a bildirib ki, hazırda iş üzrə araşdırma aparılır.
“Hadisə ilə bağlı itkin düşmə üzrə iş açılıb və axtarış aparılır.
Əlaqəli şəxslərin izahatları alınıb. Qanunun tələb etdiyi bütün
tədbirlər görülür”.
Təcavüzlə bağlı deyilənlərə gəldikdə tədqiqatçı bu iş üzrə də araşdırma
aparıldığını bildirib: “Xanım tapılandan sonra əgər fakt təsdiqini
taparsa, o zaman cinayət işi açılacaq”.
Bildirək ki, məsələ ilə bağlı Baş Prokurorluğun “qaynar xətti”nə də məlumat verilib. (azerforum)