Ramiz Mehdiyevin “sadiq adamı” istintaqa cəlb edildi – Milyonlar mənimsəyib

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2020–2023-cü illərdə baş verən qanun pozuntuları ilə bağlı aparılan cinayət işində maraqlı faktlar üzə çıxıb.
“Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, hazırda ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdə olan yeyinti halları ilə əlaqədar sabiq deputat Elton Məmmədov da istintaqa cəlb edilibmiş.
Belə ki, prokurorluq tərəfindən onun barəsində cinayət təqibi aparılır. E. Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. Ramiz Mehdiyev AMEA-ya prezident təyin olunduqdan sonra sadiq adamı kimi onu “Yüksək Texnologiyalar Parkı”nın direktoru vəzifəsinə gətirmişdi. Sonradan isə E.Məmmədov Akademiyanın işlər idarəsinin müdiri vəzifəsində çalışıb.ı
Amma sabiq deputat istintaq zamanı dövlətə dəymiş ziyanı ödəməyə razılaşıb. O, mənimsədiyi milyonlarla vəsaiti büdcəyə geri qaytarıb. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. Elton Məmmədovun araşdırması davam edən digər epizodlarda da adının keçə biləcəyi istisna edilmir.
Qeyd edək ki, bu yaxınlarda baş prokuror Kamran Əliyev jurnalistlərin mövzu ilə bağlı suallarını cavablandırıb. Baş prokuror deyib ki, AMEA-da qeydə alınmış qanun pozuntuları üzrə hərtərəfli araşdırma aparılıb. Bəzi epizodlar üzrə ibtidai istintaq tamamlanaraq məhkəməyə göndərilib, qalan epizodlar üzrə isə istintaq davam etdirilir.



