Ramiz Mehdiyev nə qədər pensiya alır? – Fantastik məbləğ

Prezident Administrasiyasının cinayət məsuliyyətinə cəlb edilən keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevin adı gündəmdən düşmür. Məsələn, sosial şəbəkələrdə onunla bağlı açılan müzakirələrdən birində Mehdiyevin çox yüksək – “gözqamaşdıran məbləğdə” pensiya aldığı bildirilir. Bu iddialara görə, Mehdiyev 10-12 min arasında pensiya ilə təmin olunur.
Qeyd edək ki, Azərbaycanda əmək pensiyasının minimum məbləği 2025-ci il fevralın 1-dən 320 manat təşkil edir. Əgər Mehdiyevlə bağlı pensiya iddiası doğrudursa, onda onun təqaüdünün fantastik məbləğdə olduğunu vurğulamaq olar.
İddialara rəğmən, Ramiz Mehdiyevin aylıq pensiyasının konkret məbləğini qeyd edə bilmərik. Çünki Dövlət Sosial Müdafiə Fondu bu məbləği vətəndaşın razılığı olmadan rəsmi olaraq açıqlamır.
Modern.az saytı Mehdiyevin pensiya məbləğini araşdırmağa çalışıb.
Amma məlum olub ki, akademikin pensiyasını hesablamaq da xeyli çətindir. Bunun üçün lazım olan məlumatlar (onun almış olduğu rəsmi maaş, staj müddəti, əlavə ödənişlər) dəqiq məlum deyil. Amma əminliklə qeyd edə bilərik ki, uzun illər Prezident Administrasiyasının rəhbəri, Milli Elmlər Akademiyasının prezidenti kimi yüksək vəzifələrdə işləmiş şəxsin pensiyası sıradan əmək pensiyasından on-iyirmi dəfələrlə yüksəkdir.
Azərbaycanda dövlət qulluqçuları, deputatlar, yüksək vəzifəli şəxslərin pensiyası xidmət müddətinə və vəzifəsinin rəsmi maaşına görə müəyyən faizlərlə hesablanır – məsələn, deputatlar üçün “təxminən maaşın 80 %-ə qədəri” kimi maddə var.
Ekspertlər deyirlər ki, Ramiz Mehdiyev kimi yüksək vəzifəli məmurun pensiyası nəzəri baxımdan orta əmək pensiyasından dəfələrlə yüksək ola bilər — çünki yüksək maaş, uzun əmək stajı, ali statuslu dövlət qulluqçusu kimi xüsusi əlavələr burada xüsusi rol oynayan amillərdir.
Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. Bu “yüksək vəzifə + uzun staj” deməkdir. O, 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti postunu da tutub.