Rafiq Hüseynovu öldürən hadisə: Oğlunu doğrayıb çamadana yığmışdılar

“Dində deyilir ki, ölüm müvəqqəti ayrılıqdır. Mən hesab edirəm ki, bu həqiqətdir və biz nə vaxtsa bir yerdə olacağıq. Mən oğlumun yanımda olmasını istərdim. Biz görüşəcəyik”.
Qlobal.net xəbər verir ki, bu sözləri məşhur diktor, Xalq artisti Rafiq Hüseynov illər əvvəl müsahibəsində demişdi.
Bəs onun həyatında hansı dəhşətli hadisə baş vermişdi?
Mərhum xalq artisti Rafiq Hüseynovun illərdir, yuxusunu ərşə çəkən, kim bilir, bəlkə də xərçəngə tutulmasına səbəb olan o hadisə Sovet vaxtı – 1984-cü ildə baş vermişdi. O vaxt teleekranda Roza Tağıyeva və Rafiq Hüseynovanı görən tamaşaçılar, mütləq “yazığın oğlunu da doğradılar” deyirdilər. Özü bu haqda danışmağı xoşlamazdı.
Rafiq Hüseynovla Roza Tağıyeva elə televiziyada bir-birlərini sevib ailə qurub. Onların bu evlilikdən Rövşən adlı oğlu dünyaya gəlib. Lakin…
O, 18 yaşında – 1984-cü ildə amansızlıqla qətlə yetirilib. Cinayətkar onu öldürməklə kifayətlənməyib, meyitini doğrayaraq çamadana yığıb. Hadisə dəqiq necə olub, çamadanı hardan, kim tapıb, ata oğlunu bu vəziyyətdə necə görüb – bunlar sovet dövrünün arxivlərində qaldı.
Şayiələr çox idi: guya, uşağı Rafiq Hüseynovun oğulluğa götürdüyü adam qısqanclıqdan öldürüb, kimlərsə isə Roza Tağıyevanın əvvəlki evlilikdən olan oğlunu günahkar bilirdi… Amma məlum olan o idi ki, Azərbaycan Dövlət Universitetinin 18 yaşlı tələbəsini kimsə qisas zəminində öldürmüşdü. Amma nəyin, kimin qisası?
Bu fəlakət Rafiq Hüseynovla Roza xanımı birləşdirmədi, əksinə ayrıldılar. Hərə öz dərdini ayrılıqda çəkməyə üstünlük verdi.
Cinayəti törədən isə tutuldu, ona ən ağır cəza da kəsildi. Bayıl həbsxanasında yatan bu adam ağır vərəm xəstəliyinə tutulduğu üçün ölüm hökmü 20 illik cəza ilə əvəzləndi. Amma illər sürətlə keçir. 20 il həbsdə yatan həmin şəxs hazırda azadlıqladır. 2003-cü ildə cəzasını bitirib, Tərtərdə yaşamağa başladığı bildirilir. Amma kimdir, nəçidir, yenə də sirdir.
Bu qətlin ürəyində dərin yara açdığı Rafiq Hüseynov isə indi dünyada yoxdur…
Fidan Məmmədli
Qlobal.net



