İnsanlar ətraf mühitdə təbii şəkildə mövcud olan və ya süni olaraq istehsal edilən müxtəlif mənbələrdən gələn radiasiyaya məruz qalırlar. Radiasiyanın böyük hissəsi təbii mənbələrdən, xüsusilə də radondan qaynaqlanır.
Qlobal.net bildirir ki, digər təbii mənbələr arasında kosmosdan gələn kosmik radiasiya, qida və içkilər, sudakı radioaktivlik və yer səthindən gələn radiasiya yer alır. Tibbdə radiasiya diaqnostik məqsədlərlə rentgen şüaları, xərçəngin müalicəsində isə radioterapiya kimi müxtəlif formalarda istifadə olunur. Bunlar, süni radiasiyanın əsas mənbələrindəndir.
Radiasiya, məkanda və ya maddələrdə çox yüksək sürətlə hərəkət edən enerjidir. Bu enerji, radioaktiv maddələrdən yayılan alfa və ya beta zərrəcikləri kimi hissəciklər və ya işıq, istilik, radio dalğaları, mikrodalğalar, X-şüaları və qamma şüaları kimi dalğalar şəklində ola bilər. Qeyri-sabit atomlar olan radioaktiv maddələr sabit formaya keçdikdə radiasiya yayır. Elektronların atomdakı yerindən ayrılması nəticəsində ion adlanan yüklü zərrəciklər əmələ gəlir. İonlaşdırıcı radiasiya, maddə ilə qarşılıqlı təsirə girərək ion əmələ gətirə bilən radiasiya növüdür. Alfa, beta, qamma və X-şüaları ionlaşdırıcı radiasiyanın müxtəlif formalarıdır. Ultrabənövşəyi şüalar, mikrodalğalar və radio dalğaları isə ionlaşdırıcı olmayan radiasiya formalarıdır.
İnsan orqanizmində konkret təsir göstərən radiasiya növü ionlaşdırıcı radiasiyadır. Bu radiasiya molekulların kimyəvi bağlarını qıraraq hüceyrə quruluşunu dəyişir. DNA molekullarında baş verən dəyişiklik radiasiyanın əhəmiyyətli təsirlərindən biridir.
Bir insan radiasiyaya xarici və ya daxili yollarla məruz qala bilər. Xarici məruz qalma üçün radioaktiv mənbə bədənin xaricində yerləşməlidir. X-şüaları və qamma şüaları bədəndən keçərək enerji buraxa bilər. Daxili məruz qalma isə radioaktiv maddələrin qida, içki və ya inyeksiya vasitəsilə bədənə daxil olması ilə baş verir. Bu, əhəmiyyətli miqdarda radioaktiv maddə bədənə daxil olduqda sağlamlıq üçün ciddi təhlükə yarada bilər.
Aşağıdakı hallarda radiasiyaya məruz qalmaq mümkündür:
Kompüter tomoqrafiyası (KT), rentgen kimi tibbi müayinələr və ya xərçəng üçün radiasiya müalicəsi
Radon qazına məruz qalmaq
Yüksək hündürlükdə yaşamaq
Tibbdə istifadə olunan görüntüləmə üsulları, bəzən DNA-nı zədələyərək xərçəngə səbəb ola bilər. Lakin bu prosedurlar nəticəsində yaranan xərçəng riski çox aşağıdır və onların faydası adətən risklərdən daha yüksəkdir. Bu radiasiya formaları həmçinin nüvə stansiyalarındakı qəzalar zamanı və atom silahlarının hazırlanması, sınağı və ya istifadəsi zamanı da yayıla bilər.
Radon, radioaktiv bir element olan radyum parçalandıqda yaranan, daşlardan və torpaqdan yayılan radioaktiv bir qazdır. Radioaktiv elementlər olan uran və torium parçalandıqda radyum yaranır. Yüksək miqdarda radona məruz qalan şəxslərdə ağciyər xərçəngi riski artır.
İonlaşdırıcı radiasiya, Geiger sayğacı ilə ölçülür və Sievert (Sv) adlı ölçü vahidi ilə göstərilir. Ölümcül doz təxminən 4-5 Sv-dir. 1 Sievert çox böyük miqdardır və gündəlik həyatda qarşılaşılan radiasiya dozaları bir Sievertin mində biri olan milliSievert (mSv) və ya milyonda biri olan mikroSievert (µSv) ilə ifadə olunur.
Radiasiyaya həddindən artıq məruz qalmaq, qəbul edilən dozanın miqdarından asılı olaraq canlı toxuma və orqanlara zərər verə bilər. Bu zərərin ölçüsü aşağıdakılardan asılıdır:
Radiasiya növü: İyot-131 və sezyum-137 kimi ağır izotoplar tərəfindən yayılan ionlaşdırıcı radiasiya yüksək dozada təhlükəli ola bilər. Gamma və X-şüaları bədənə nüfuz edə biləcək qədər güclüdür. Alfa və beta zərrəcikləri isə daha zəif enerjilidir.
Radiasiya səviyyəsi: İnsan, il ərzində kosmik radiasiya və ətraf mühitdəki təbii radioaktiv maddələr səbəbilə 2-3 mSv radiasiyaya məruz qala bilər. Tək bir KT müayinəsi bir neçə mSv radiasiya verə bilər.
Məruz qalma müddəti: Qısa müddətdə alınan yüksək doza, zamanla alınan eyni doza ilə müqayisədə daha zərərli ola bilər.
Orqan və toxumaların həssaslığı
Genetik anormallıqlar
Şəxsi xüsusiyyətlər (yaş, cins, sağlamlıq vəziyyəti və s.)
Yüksək doza ilə radiasiyaya məruz qalmaq təsirlərin də daha güclü olmasına səbəb olur. Düşük dozalar və ya zamanla yayılan radiasiya hallarında isə bədən zərəri daha yaxşı təmir edə bildiyi üçün risk azalır. Lakin uzunmüddətli məruz qalma xərçəng və digər sağlamlıq problemlərinə səbəb ola bilər.
Yüksək dozalarda – bütün bədəndə kəskin radiasiya xəstəliyi
Lokal maruziyyət – yerli toxumalarda zədələnmə
Çox yüksək dozalar – dəri yanığı, saç tökülməsi, qusma, sonsuzluq, katarakta
Hüceyrələrdə DNA mutasiyaları və hüceyrə ölümü
Deterministik təsirlər radiasiyanın qısa müddətli və birbaşa toxuma zədələnməsi ilə bağlıdır. Məsələn, dəri qızartısı və yanıqları yüksək dozadan 1-4 həftə sonra görünə bilər. Aşağı dozalar isə qan hüceyrələrinin say və funksiyalarında dəyişikliklərə səbəb ola bilər. Bu təsirlərin ortaya çıxması üçün eşik doza lazımdır – yəni müəyyən səviyyədən aşağı radiasiya heç bir təsir yaratmaz.
Bu sindrom, qısa müddətdə 1 Sv-dən çox radiasiyaya məruz qalma nəticəsində baş verir və sümük iliyi, mədə-bağırsaq, ürək-damar və sinir sistemi üzərində təsir göstərir. Simptomlara ürəkbulanma, qusma, yorğunluq, saç tökülməsi daxildir. 10 Sv-dən yuxarı dozada isə ölüm riski çox yüksəkdir.
Uzunmüddətli və aşağı səviyyəli radiasiya orqanizmə ciddi zərər verməsə də, zamanla xərçəng və genetik mutasiyalar riskini artırır. Bu təsirlərə stokastik təsirlər deyilir. Xüsusilə radiologiya üzrə çalışan tibb işçiləri bu riskə daha çox məruz qalır. DNT mutasiyaları uşaqlara ötürülə bilər və bu da onların inkişafına təsir edə bilər.
Yüksək dozalarda radiasiya hüceyrələrin genetik materialına zərər verərək xərçəng riskini artırır. Doza və risk arasında birbaşa əlaqə olduğu düşünülür. Gənc yaşda çoxlu KT çəkdirən şəxslərin xərçəng riski daha yüksəkdir. KT çəkilişi, adətən digər rentgen müayinələrindən daha çox radiasiya verir. Xüsusilə uşaqlarda bu risk daha yüksəkdir, çünki onların hüceyrələri daha sürətlə bölünür.
Nüvə qəzaları zamanı radioaktiv iyot ifraz oluna bilər və nəfəs alma və ya udma yolu ilə qalxanabənzər vəzidə toplanaraq xərçəng riskini artırar. Bu riski azaltmaq üçün kalium iyodid tabletlərindən istifadə edilə bilər.
Murad
Qlobal.net