Xəbər verdiyimiz kimi Azərbaycanın Türkiyədəki Səfirliyi Türkiyədə təhsil alan Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib.
Belə ki, Türkiyədə ikinci semestrdə təhsilin distant qaydada həyata keçirən tələbələr quru sərhədləri vasitəsilə Azərbaycan Respublikasına daxil olmalarına icazə verilib.
Bu xəbər yayıldıqdan sonra gündəm oldu. Vətəndaşlarımızı ən çox maraqlandıran bir çox suallar isə açıq qaldı. Məsələn, Türkiyədə müxtəlif universitetlərin müxtəlif vaxtda imtahan günləri olur, onlar eyni zamanda tətil elan etmirlər. Və azərbaycanlı tələbələr demək olar ki, Türkiyənin hər yerinə yayılaraq təhsil alır. Onlar necə sərhədə gələcəklər, hansı sərhəd məntəqəsindən keçəcəklər və s.
Lent.az-ın əldə etdiyi məlumata görə, Türkiyədə təhsil alan Azərbaycan vətəndaşları aprel ayının 10-dan may ayının 10-dək Azərbaycan ilə Gürcüstan arasında “Qırmızı körpü” sərhəd-keçid məntəqəsindən, Balakən rayonundakı "Mazımqara" dövlət sərhədindən buraxılış məntəqəsindən və Azərbaycan ilə Türkiyə arasında "Sədərək" gömrük sərhəd-buraxılış məntəqəsindən buraxılacaqlar.
Qeyd edək ki, həmin şəxslər Türkiyədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan Azərbaycan vətəndaşları və onların birinci dərəcəli ailə üzvləri (ata/ana, ər/arvad, övladlar) olmalıdır. Və həmin şəxslər tələbə biletini təqdim etməklə ölkə ərazisinə giriş edə bilərlər.