"Ayaks" karyeramın fərqli alınmasını istərdim. Amma Henk Ten Keytin heyətdəki zədəlilər üzündən komandanı başqa sistemlə oynatmağa başlayanda başa düşdüm ki, gələcəyim bu klubla bağlı olmayacaq".
Qlobal.net İdman.biz-ə istinadən bildirir ki, bunu "Ayaks"ın yetirməsi və "Qarabağ"ın sabiq futbolçusu Raydel Pupon deyib.
2015/16 mövsümündə Ağdam klubunda oynayan niderlandlı hücumçu iki sabiq komandasının Avropa Liqasındakı dueli öncəsi müsahibə verib. O, Azərbaycan klubundan gələn təklifi xatırlayıb: "Ardınca "Villem", "Sparta", "De Qraafşap", "Den Haq", "Breda" və "Valansyen" macəraları yaşadım. Bundan sonra agentim zəng vurdu və "Qarabağ"a keçmək istəyimin olub-olmadığını soruşdu. Bu klubu tanımırdım. Belə bir klubun varlığı belə maraqlı idi. Düşünürdüm ki, məni aldadırlar. Azərbaycan neft ölkəsidir. Başqa heç bir anlayışım yox idi. İnternetdə axtardım. Bakı gözəl şəhər idi. Müəyyən qədər Dubay ruhunda idi. Amma qışda isti olmurdu. Maliyyə baxımından da çox cəlbedici idi".
Pupon "Qarabağ"la avrokuboklarda oynamaqda da maraqlı olub: "İdman planında da maraqlı təklif idi. Klub Çempionlar Liqasının təsnifat mərhələlərində oynayırdı. Mən də sınamaq və macəra yaşamaq qərarına gəldim. Xanımım və bir yaşlı qızımla ora yollandım".
Ölkəmizdə yarım il keçirən niderlandlı ən böyük problemini yada salıb: "Dil məsələsi problem idi. Klubda tərcüməçim vardı. Amma kənarda deyildi. Azərbaycanda türk və rus dillərində danışırlar. Sonradan Türkiyədə də oynadım. Orada sutkanın istənilən vaxtı əlim çatan biri var idi, amma Bakıda yox".
Artıq karyerasını başa vuran 37 yaşlı futbol veteranı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu da xatırlayıb: "O elə fikirləşirdi ki, mən çox kökəm. Mən 83 kq idim. Çəkimi 79 kq salmalı oldum. Əgər bunu riayət etməsəydim cərimə ödəyəcəkdim. Bunu bacardım. Artıq o vaxt məndə belə hiss yarandı ki, bizim münasibətlər alınmayacaq. Mən müqavilə imzalamazdan əvvəl baş məşqçi ilə danışmaq istəyərdim. O, çox ciddi və nüfuzludur. Baş məşqçinin istəyi qanun idi. O, futbolçuların arasında deyil, onlardan çox yüksəkdə idi. Baş məşqçi hər şeyə əhəmiyyət verir, polis kimi məni nəzarətdə saxlayırdı. Mənə deyirdilər ki, onun hər gecə klubunda adamı var. Bəlkə də indi - 9 il sonra bir az dəyişib. İnsanlar dəyişə də bilər. Amma mən ona uyğun gəlmirdim".
Qeyd edək ki, Pupon Premyer Liqada 15 oyunda 1 qol vurub.