"Hər iki komanda üçün vacib qarşılaşmadır. Avropa Liqasında 2024-cü il üçün sonuncu oyun olacaq. Rəqib komandanın baş məşqçisi Oskar Hilyemarkın "Qarabağ"la bağlı fikirləri ilə tanış oldum. Bizimlə oyuna çox ciddi hazırlaşırlar və səbirsizliklə bu matçı gözləyirlər. Xüsusi ilə səliqəli oyun nümayiş etdirməliyik. Çalışacağıq ki, bizə sərf edən nəticəni qazanaq. Qarşılaşmaya tam olmasa da, hazırıq”.
Qlobal.net xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında İsveçin "Elfsborq" komandasına qarşı keçirəcəkləri oyundan əvvəl deyib.
"Heyətlə bağlı müəyyən çatışmazlıqlarımız mövcuddur. Xüsusi ilə də müdafiə xəttində zədəli oyunçularımız var. Bəhlul Mustafazadə və Kevin Medina komandamıza kömək edə bilməyəcəklər. Medina oynamasa da, bizimlə İsveçə gəlib. Hətta, başqa oyunçularımızda da mikrozədələr var. Həmin futbolçuların meydana çıxıb-çıxa bilməyəcəklərini sabah bizə həkimlər deyəcək. Nəzərə alsaq ki, "Elfsborq"un meydanı suni ot örtüklüdür. Bu, oyunçuların zədəsini daha da ağırlaşdıra bilər".