lalə

“Qızlarım deyəcək ki, anamız bizi qoyub getdi” – VİDEO

"Gəşəngəm! Gözəl hissdir, eyni zamanda böyük zəhmət tələb edir. O hissi yaşamaq üçün isə insan böyük əziyyətlərdən keçir. İnsan üçün ən qiymətli canının sağlam olması və zamanıdır. Bunların ikisindən də insan keçir. Gözəllik üçün insan öz sağlamlığından da keçir, özünə də zülm edir. Yeməklərdən imtina edir, idmanla məşğul olur, tamaşaçıları təəccübləndirmək üçün saatlarla, günlərlə və həftələrlə səsyazma studiyasında mahnılar yazdırır. Bu səbəbdən də övladlarına yetərincə zaman ayıra bilmir. Bir sözlə, gözəl və gəşəng olmağın hissi altında zəhmət dayanır". 

Qlobal.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Maqazin plyus" verilişinə müsahibəsində deyib. 

Qızları Nərgiz və Çinarədən söz açan sənətçi onların təhsilindən və yön aldıqları sahədən danışıb: "Böyük qızım Nərgiz artıq universitet tələbəsidir. O, birinci kurs tələbəsidir. İkinci qızım Çinarənin isə bu günlərdə ibtidai sinfinin buraxılış gecəsi olub. Övladlarımdan razıyam. Amma onların məndən nə dərəcədə razı olub-olmadığını isə zaman göstərəcək. Çünki ola bilər ki, onlar məndən narazı olsunlar. Deyəcəklər ki, anamız bizi qoydu, getdi və onu saatlarla görə bilmədik. Bilmirəm ki, gələcəkdə məni nə gözləyir". 
Lalə "Qızlarınıza seçim azadlığını verəcəksiniz?" sualını belə cavablandırıb: "Ailəmdə mənim seçim azadlığım olmayıb. Musiqiyə gəlməyim şərtlərlə olub. Çünki ailəm musiqiyə qeyri-ciddi yanaşıb. Böyük qızım Nərgiz rejissor və aktrisa olmaq istəyirdi, marağı vardı. Ona dedim ki, bu seçim ilə bağlı yaxşı düşünməlisən. Sonra isə o tamamilə başqa bir sahəyə - marketinq və mediaya yön aldı. Bu sahəni isə dərindən öyrənir. Mənə deyirlər ki, kiçik qızın müğənni olacaq.
Mən isə cavab verirəm ki, müğənni doğulmaq lazımdır. Amma hər şey ola bilər, bilinmir hələ... Müğənni olmaq asan deyil. Gərək, elə bir səsin olsun ki, onunla sən insanları cəlb edəsən, Allahın verdiyi istedada sahib olmalısan. Bilmirəm bu istedad qızlarımda zamanla olacaq, yoxsa yox. Amma bir onu bilirəm ki, hər iki qızım musiqini çox sevir və musiqini duyan uşaqlardırlar, səsləri də var". 



06.05.2024 16:50
show 456