Pakistanın Pəncab əyalətində iki yeniyetmə bacı atasını cinsi istismarda ittiham edərək diri-diri yandırıblar.
Qlobal.net-in xarici mediaya istinadla məlumatına görə, faciə Lahordan təxminən 80 kilometr aralıda, Qucranvalanın Moqol Şouk şəhərində baş verib.
Polisin məlumatına görə, 48 yaşlı Ali Akbar üç dəfə evlənib və 10 övladı var. Birinci arvadı dünyasını dəyişib, digər iki arvadı və uşaqları kirayədə yaşayır. Akbar yatarkən 12 və 15 yaşlı qızları ona benzin tökərək yandırıblar. Ağır yanıq xəsarətləri alan şəxs daha sonra xəstəxanada dünyasını dəyişib.
Hər iki qız saxlanılıb. Dindirilmə zamanı onlar atalarının onları cinsi istismara məruz qoyduğunu bildiriblər. “Atamızı öldürmək qərarına gəldik, çünki o, bizi zorlayıb. Motosikletindən benzin götürüb üstünə töküb yandırdıq”, - onlar deyiblər.
Polis mərhumun iki arvadının da ifadələrini alıb.