“Qızının toyu olan gün oğlu qəzada həlak oldu, amma toyu saxlamadı”
“Mən hələ uşaq idim, Əfsər
Cavanşirovun “Bənövşə” uşaq xorunda oxuyurdum. Nisə xanım Qasımova
Ceyran Haşımovaya demişdi ki, mənim bir rəfiqəm var, çox istəyirəm ki, o
bu ansambla gəlsin. Mən gəldim, səhnəyə çıxıb oxuyanda ağlamağa
başladım. Ceyran müəllim dedi ki, niyə ağlayırsan? Qarşımda o qədər
böyük sənətkar var idi ki, utandığımdan ağlayırdım. Qorxurdum. Həm də bu
mənim daxili abır-həyam idi. Öz-özümə deyirdim ki, Firuzə, özünü
yığışdır, yaxşı oxu. Müğənnilərin sayı artsa da, mahnıların keyfiyyəti
azalıb. Mənə elə gəlir ki, yaxın 10 ildə hamı retro mahnılar oxuyacaq.
Bu gün nədənsə müğənninin səhnə həyatı yox, səhnəarxası həyatı hamıya
maraqlıdır”.
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Firuzə İbadova deyib. O daha sonra əlavə edib.
“Deməzdim ki, çox böyük sənətim var. Özümə görə balaca da olsa
sənətim var. O illərdə bir müddət sənətdən uzaqlaşdım. Çox böyük
sənətkarlarımız mənə zəng edirdilər ki, sənətə qayıt. Bir çoxları elə
bilirdi ki, Azərbaycandan köçmüşəm, burada yoxam. Mən sənətsiz qala
bilməzdim. İlhamə Quliyeva ağır günlərimdə mənə bir bacı kimi dəstək
olub. Onun yeri görünür. Bəzən deyirlər ki, İlhamə xanımdan hamı
qorxurdu. Mən belə deməzdim. O qorxunun özündə də bir hörmət olur.
İlhamə xanım olduqca gözəl insan idi, xarakteri var idi” deyə müğənni
bildirib.
Müğənni toylarla bağlı efiraf da edib: “Uzun illərdir toylara gedirik. Elə hallar olub ki, problemlərimə
görə toyda üzüm gülməyib. Mahnı oxumuşam, gözümdən leysan axıb. Sonra
öz-özümə düşünmüşəm ki, toy ömürdə bir dəfə olur. Mənim ixtiyarım yoxdur
ki, kiminsə toyunda sifət edib oturum. Tez özümü yığışdırmışam.
Ansamblın uşaqları da, Cavanşir müəllim də mənə dəstək olub”.
Firuzə İbadova daha sonra bir faktı da bizimlə bölüşüb.
“Rəşid Behbudov Azərbaycan musiqisinin səfiri idi. Mahnı teatrı ilə
birlikdə qastrol səfərlərinə gedəndə hamı Rəşid müəllimi böyük
heyranlıqla izləyirdi. Sənətkarlar bizim tariximizdir. Bizim musiqimiz
də valehedicidir. Bizim xəzinəmizdir. Xuraman Abbasova adlı Sosialist
Əməyi qəhrəmanı var idi. Allah ona rəhmət etsin. O vaxt hamı bu qadının
iradəsindən danışıb onu misal çəkirdi. Qızının toyu olan günü oğlu
qəzada həlak oldu. Həmin qadın o toyu saxlamayıb. Deyib ki, aparın
oğlumu qoyun həyətə, toyu yola verəndən sonra onun dəfninə başlayacağıq.
Ananın ürəyinə baxın. Azərbaycanın igid anası budur. Xuraman xanım
Qarabağlı qızı idi. Görün o milli dəyərlərimizə nə qədər sahib çıxmağı
bacarırdı” deyə müğənni bildirib.