Müğənni Afət Fərmanqızı illər öncə ekspert kimi dəvət olunduğu sosial layihədəki fikirlərinin təhrif olunaraq yayılmasına münasibət bildirib.
Qlobal.net xəbər verir ki, onun sözlərinə görə, layihədə dediyi fikirlər kontekstdən çıxarılaraq yanlış təqdim edilib.
Afət Fərmanqızı açıqlamasında bildirib ki, həmin layihə zamanı onun sözlərinin düzgün anlaşılmadığını düşünür:
“İllər öncə sosial bir layihəyə ekspert kimi dəvət olunmuşdum. İndi oradakı bir fikrimi virallaşdırıb qeyd edirlər ki, guya mən nikahın əleyhinə olduğumu demişəm. Əvvəla, o veriliş qarğa bazarıdır. Nəzərə alsaq ki, 5 il öncə mən bugünkü Afət deyildim. Utancaq bir xanım olaraq, orada oturmuşam. Üstümə tökülüşüblər, ağız deyəni qulaq eşitmir. Fikirləşdim ki, mən hara gəlib çıxmışam. O fikrimi virallaşdırmaqları yaxşı oldu. Buradan o düşüncəmi sona çatdıracağam.”
Nikahın vacibliyini vurğulayan müğənni bəzi hallarda bu prosesin fərqli şəkildə yanaşılması lazım olduğunu qeyd edib:
“İlk olaraq onu deyim ki, nikah lazımdır. Toy da lazımdır. Ancaq gedib kabab yeyək deyə yox, insanların evlənməsinə şahid olaq deyə bu olmalıdır. Sadəcə müstəsna hallar var. Məsələn, elə bəy var ki, sənədində problem olur. Ya da çox imkanlıdır və bilir ki, nikah bağladıqdan sonra əmlakı təhlükə altına düşür. Xanımla evlənsə də, ona inanmır. Üzr istəyirəm ifadəmə görə, düşünür ki, evləndiyi qadında qudurma ehtimalı var. Nikah müqaviləsi olsa da, bəzi adamlar utandığından onu tətbiq etmir. Çünki elə qadın var ki, evdə azca söz-söhbət olan kimi boşanaraq kişinin var-dövlətinin yarısını əlindən alır. Öz aləmində fikirləşir ki, ev-maşın alıb kefimi çəkəcəyəm".
O, fikirlərinin yanlış anlaşılmasını qəbul etmədiyini də bildirib:
“Siz isə görün nəyi təbliğ edirsiniz? Mən bunu bəzi hallar üçün demişəm. Mənə aidiyyəti yoxdur, nikahım olduğu üçün, amma mən ikinci evliliyimi etmiş biri olaraq nikah bağlamaya bilərəm. Amma bu o demək deyil ki, qız adı ilə ata evində hamilə qalmalısan. O həyatı təbliğ edənlərin əxlaqına şübhə edirəm. Bunu edənlər cəmiyyətimizi pozur”.
FMüğənni Afət Fərmanqızı, cəmiyyətdəki mənəvi dəyərlərə də toxunub:
“Evli kişi ilə münasibət quran xanıma ruslar "tualet", türklər "metres" deyir. Sizlər nə deyirsiniz, mən bilmirəm və problem elə bundadır. Cəmiyyətdə 80 faiz insan bunu qınayır. Sağ olsunlar. 20 faiz isə deyir ki, özü bilər, yaxşı edir”. (yenisabah.az)