Qəzaya uğrayan Türkiyə təyyarəsi ilə bağlı YENİ DETALLAR

Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C-130” hərbi yük təyyarəsi ilə bağlı yeni detallar məlum olub.
Qlobal.net xəbər verir ki, Türkiyənin “Sözcü” qəzeti qəzaya uğrayan “C-130” Hercules hərbi nəqliyyat təyyarəsinin uzun bir tarixə malik olduğunu bildirib.
Qəzetin məlumatına görə, təyyarə 1968-ci ildə istehsal olunub və ilk olaraq Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrində xidmət edib. 2010-cu ildə isə təyyarəni Türkiyə Silahlı Qüvvələri alıb və Kayseri şəhərindəki 12-ci aviabazada 222-ci “Kərgədan” eskadrilyasına daxil ediblər.
Qeyd olunur ki, “Lockheed C-130 Herkules” tipli təyyarələr 1960-cı illərdən bəri Türkiyənin silah arsenalında yer alır və öz sinfində ən etibarlı təyyarələrdən sayılır. Lakin təyyarələrin çoxu artıq 50 ildən çoxdur ki, istifadə olunur. Oktyabr ayında Türkiyə Müdafiə Nazirliyi köhnəlmiş “C-130” modellərinin yeni “C-130J” Super Hercules ilə əvəzlənməsi planlarını açıqlayıb. Yeni təyyarələrin yaxın illərdə Türkiyəyə çatdırılması gözlənilir. (musavat.com)



