AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmanın başa çatması üçün son müddət açıqlanıb.
“Tengrinews.kz” xəbər verir ki, bunu Astanada keçirilən mətbuat konfransında nəqliyyat nazirinin müavini Talqat Lastayev bildirib.
"ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) tələbləri, standartları və tövsiyə olunan təcrübəsinə əsasən, araşdırma 1 il çəkir. Müvafiq olaraq, yekun araşdırma hesabatı bu ilin dekabr ayına qədər tamamlanmalıdır", - deyə Lastayev bildirib.
Nəqliyyat nazirinin müavini qəzaya dair cinayət təhqiqatının gedişatını şərh etməyib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Fevralın 2-də Qazaxıstan Nəqliyyat Nazirliyi qəza ilə bağlı ilkin hesabatı təqdim edib. (musavat.com)