664b0c7e69f41202405244030
Qəzada ölən prezidentin ailəsi haqqında bilmədiklərimiz: Xanımı, 2 qızı... - FOTOLAR

İran prezidenti İbrahim Rəisi helikopter qəzasında həlak olub. Təyyarənin bütün sərnişinləri və heyət üzvləri dünyasını dəyişib.

Qlobal.net Yenisabah.az-a istinadla mərhum İran prezidentinin ailəsi haqda məlumatları təqdim edir:

İbrahim Rəisinin xanımı Cəmilə Ələmolhuda fəlsəfə elmləri doktoru, yazıçıdır. Onların iki qızı var.

59 yaşlı kitab müəllifi və alim Cəmilə Sadat Ələmolhuda İranda ənənəvi qadın imicini dəyişdirən ilk qadınlardan biri sayılır.

2023-cü ildə İran prezidentinin xanımı ilk dəfə ictimaiyyətə açılıb.

O, müəllim kimi fəaliyyət göstərdiyini və fəlsəfi nəzəriyyələrə fokuslandığını bildirib.

Cəmilə Ələmolhuda hazırda Şahid Beheşti Universitetində işləyir. O, həmçinin universitetin elmi-texnoloji tədqiqatlar institutuna rəhbərlik edir.

İbrahim Rəisi özündən əvvəlki İran prezidentləri kimi ailəsini mediadan uzaq tutan mühafizəkar siyasətçilərdən olub. O, 1983-cü ildə ailə qurub. Bəzi məlumatlara görə, Rəisiyə ərə gedərkən Cəmilə Ələmolhuda 18 yaşında olub.

Cütlüyün iki qızı var. Adları açıqlanmayan və medianın tanımadığı prezident qızlarından biri Tehran Universitetində sosiologiya üzrə, digəri isə Texnologiya Universitetində fizika üzrə ali təhsil alıb.

İbrahim Rəisi ilə Cəmilə Ələmolhodanın iki nəvəsinin olduğu da bildirilir. Amma nə İran mətbuatı, nə də xarici KİV-lər qızlardan hansının evli, hansının subay olduğu barədə dəqiq informasiya yaymayıb.

Ailənin kürəkənlərindən biri Meysəm Nilidir. O, Prezident Administrasiyasında PR departamentinə rəhbərlik edir.

Digər kürəkənin şəxsiyyəti bəlli deyil.

Maraqlıdır ki, Cəmilə Ələmolhuda ərə gedəndən sonra ali təhsil alıb. Hələ 2017 -ci ildə keçirilən prezident seçkiləri zamanı namizədlərdən biri olmuş İbrahim Rəisi o vaxt şəxsi həyatından danışarkən demişdi: “Evləndiyimiz ilk dönəmdə həyat yoldaşımın ali təhsil almaq istədiyini görürdüm. O, oxumağı çox istəyirdi. Məndən oxumağına icazə verib-verməyəcəyimi soruşdu. Dedim, mütləq oxuyacaqsan”.

Cəmilə Ələmolhuda 2021-ci il prezident seçkiləri zamanı Tehrandakı qadın toplantılarında ərinin təbliğatını aparması ilə də yadda qalıb.

Əsmətxanım RZAZADƏ


Telegram kanalımız

20.05.2024 12:39
show 476