photo_28149915

Qazilərə əlillik dərəcəsinin verilməsi proseduru açıqlanıb

“Vətən müharibəsi iştirakçılarına əlillik təyinatına həssas yanaşılır. Ötən ilin yanvarında ölkə Prezidenti tərəfindən sərəncam verildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər müvafiq dövlət qurumları ilkin olaraq ağır hal kimi qiymətləndirilən 3805 qazinin qiymətləndirilməsini aparıb”. 1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov bildirib. Onun sözlərinə görə, onlardan 3729 nəfərə Müdafiə Nazirliyi və digər güc strukturları tərəfindən şəhadətnamə verildikdən sonra qiymətləndirmə aparılıb: “2021-ci il ərzində Vətən müharibəsinin 2500-dən artıq qazisinə əlillik təyinatı aparılıb. Ağır hal kimi qiymətləndirilən bütün qazilər tibbi-sosial ekspert komissiyaları tərəfindən evlərində müayinə olunub və protokollaşdırılaraq müvafiq təyinatlar aparılıb”. Onun sözlərinə görə, qazilərdə və ümumilikdə cəmiyyətdə belə bir stereotip yaranıb ki, yaralanma varsa, mütləq bu, əlillik deməkdir: “Yaralanmanın nəticəsində mövcud olan fəsadlar, funksional pozuntular əlillik təyinatına əsas verirsə, bu halda əlillik təyin olunur. Hərbidən tərxis olunmaq, yaralanmaq başqa, əlillik isə başqa məfhumdur. Hərbidən tərxis olunan şəxsin əlillik təyinatının olması üçün mütləq dövlət tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilməli və həmin göndəriş əsasında qiymətləndirilmə həyata keçirilməlidir. Hərbiyə qismən və ya tam yararsız olanda şəxs tərxis olunur. Tərxis olunmaya səbəb olan xəstəlik və ya travmanın ağırlaşmalarının əlillik təyinatına əsas verib-vermədiyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində olan ekspert komissiyalarının fəaliyyət sahəsidir”.


1news.az

07.01.2022 12:52
show 391