photo_11954171

Qazaxıstan: Fövqəladə vəziyyət elan olundu, hökumət istefa verdi

   Qazaxıstanda etirazlar: fövqəladə vəziyyət elan olunub, hökumət istefa verib.

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ölkənin ən böyük şəhəri Almatıda və yanacağın qiymətinin artırılmasına etirazların davam etdiyi Manqıstau vilayətində fövqəladə vəziyyət elan edib.


BBC Ruscanın məlumatına görə, ölkə hökuməti çərşənbə günü səhər istefa verib. Prezident hökümətin istefasını qəbul edib və onu "etiraz vəziyyətinə yol verməkdə" günahlandırıb.


Çərşənbə axşamı günü müşavirədən sonra Prezident Tokayev sosial əhəmiyyətli malların, o cümlədən benzin və dizel yanacağının qiymətlərinin dövlət tənzimlənməsinin tətbiqi ilə bağlı tapşırıqlar verib.


Bazar günü Qazaxıstanın Manqistau vilayətində maye qazın bahalaşması ilə əlaqədar başlayan etirazlar çərşənbə axşamı günü ölkənin demək olar ki, bütün iri şəhərlərini əhatə edib. Bir çox etirazçılarla polis arasında toqquşma olub.

Almatıda polis meriya binasına girməyə cəhd edən yüzlərlə etirazçını dağıtmaq üçün gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib.


Almatıda yenidən iğtişaşlar başlayıb, Respublika meydanı polis tərəfindən zirehli nəqliyyat vasitələri ilə əhatəyə alınıb, şəhərin müxtəlif yerlərində səs qumbaraatanlarının partlayışları eşidilib.


Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, etirazlar zamanı 200-dən çox adam saxlanıb.


Fövqəladə vəziyyət yanvarın 19-dək tətbiq edilir. Prezidentin sərəncamı ilə gecə saat 23-dən səhər saat 7-yə kimi komendant saatı tətbiq olunacaq.


Qərara görə, kütləvi tədbirlərin keçirilməsi qadağan edilir, insanların və nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırlır.


Prezident deyib ki, "İçəridən və ya xaricdən təxribata uymayın. Dövlət binalarına basqın etmək çağırışlarına məhəl qoymayın. Bu, cinayətdir və cəzalandırılacaq. Hökumət devrilməyəcək, amma bu münaqişə bizə lazım deyil".

Bəzi etirazçılar "Qocalar çıxıb getsin" və "Hökumət istefa versin" şüarları səsləndiriblər.


Telegram, Signal və WhatsApp kimi mesajlaşma proqramları bloklanıb, aksiya xəbərlərini yayan iki internet saytı isə bağlanıb.


Etirazlara səbəb neftlə zəngin Manqistau bölgəsində təbii qaz qiymətlərinin bahalaşması olub. Lakin hökumət qiymət artımından geri çəkilsə də bu addım etiraz edənlərin qəzəbinin qarşısını ala bilməyib.


Nümayişlərin başladığı, neftlə zəngin Mangistau bölgəsinin Janaozen şəhərində 2011-ci ildə maaşların artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətil edən neftçilərin etirazına təhlükəsizlik qüvvələri müdaxilə etmiş və 14 nəfər həlak olmuşdu.

Təhlükəsizlik qüvvələrinin bu müdaxiləsi ölkə 1991-ci ildə Sovet İttifaqından ayrılaraq müstəqil olduqdan sonra Qazaxıstan tarixinin ən qanlı hadisəsi olub.


Ölkəni 30 ilə yaxın idarə edən qurucu lider Nursultan Nazarbayev 2019-cu ildə Prezident postunu tərk edib və onun yerinə Nazarbayevin dəstəklədiyi Qasım-Jomart Tokayev seçilib.


81 yaşlı Nazarbayev prezidentlikdən getməsinə baxmayaraq, hələ də ölkə idarəçiliyində aktiv rol oynayır.


Təhlükəsizlik Şurasının sədri vəzifəsini davam etdirən Nazarbayevin "Millət Lideri" kimi yurisdiksiyadan toxunulmazlıq kimi bir sıra imtiyazları var.



05.01.2022 15:27
show 386