İqlim dəyişikliyi yağıntıların miqdarının dəyişməsinə və güclü qasırğalara səbəb olur.
Qlobal.net Lent.az-a istinadən bildirir ki, alimlərin sözlərinə görə, iqlim dəyişikliyi həm də dünyada yağıntıların normasını dəyişir. Xüsusilə, planetdə qasırğalar və digər tropik tufanlar daha da güclənə bilər.
Bu həftə Tayvan, Filippin və daha sonra Çin ilin ən güclü qasırğasına məruz qalıb. Küləyin sürəti 227 km/saata çatdığından məktəblər, müəssisələr və maliyyə bazarları bağlanmalı olub. Çinin şərq sahillərində yüz minlərlə insan təxliyə edilib.
Alimlərin fikrincə, tropik qasırğaların güclənməsi temperaturun yüksəlməsi nəticəsində yaranan daha geniş ekstremal hava fenomeninin bir hissəsidir.
Çjan Vensyanın başçılıq etdiyi Çin Elmlər Akademiyasının tədqiqatçıları tarixi meteoroloji məlumatları araşdırıb və müəyyən ediblər ki, Yer kürəsinin təxminən 75 faizi “yağışların dəyişkənliyi”ndə artım və ya yaş və quru hava arasında daha böyük dalğalanmalar yaşayır.
İstiləşmə o deməkdir ki, atmosferimiz daha çox nəm saxlaya bilər və bu, yağıntılarda daha çox dalğalanmalara səbəb olur.
Yeni Cənubi Uels Universitetinin İqlim dəyişikliyi araşdırmaları mərkəzinin alimi Stiven Şervud deyib: "Avstraliya da daxil olmaqla əksər yerlərdə dəyişkənlik artıb. Bu, daha rütubətli dövrlər və daha quru dövrlər deməkdir. Qlobal istiləşmə irəlilədikcə bu tendensiya artacaq, quraqlıq və ya daşqınlar ehtimalını artıracaq".
Alimlər hesab edirlər ki, iqlim dəyişikliyi həm də tropik fırtınaların davranışını dəyişdirərək onları daha az, lakin daha güclü edir.
"Mən hesab edirəm ki, atmosferdə su buxarının artması daha ekstremal hidroloji hadisələrə doğru bütün bu tendensiyaların əsas səbəbidir”, - Şervud söyləyib.
Belə ki, Sakit okeanın şimal-qərbində və Cənubi Çin dənizində 1990-cı illərdən bəri qasırğaların sayı xeyli azalsa da, daha da güclənib.
Tayvan da iqlim dəyişikliyi hesabatında bildirib ki, iqlim dəyişikliyi bölgədəki qasırğaların ümumi sayını azaldacaq, lakin hər birini daha da şiddətləndirəcək.