"Rəşad çaşsa, onu vuracam"- Ölənin qardaşı məhkəmədə DANIŞDI
Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla
Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin
hüquqi varisi ifadə verib.
O, heç bir şikayətinin olmadığını
deyib. Eyni zamanda hüquqi varis Etibar Mehdiyev qətlə yetirilən qardaşı
İsgəndər Mehdiyevin evdən çıxarkən ona “Rəşad çaşsa, onu vuracam”
dediyini vurğulayıb:
“Mənim heç bir şikayətim yoxdur. Qardaşım
mənə Rəşadın söhbətinin olduğunu və onu həll etməyə getdiklərini dedi.
Və dedi ki, “Rəşad çaşsa, onu vuracam”. Amma niyə belə dediyini
bilmirəm”.
Hakim Rəşad Əmirovdan özünü təqsirli bilib-bilmədiyini
soruşub. O, özünü qismən təqsirli bilib. Belə ki, o soyuq silah
gəzdirməkdə özünü təqsirli hesab etmir. Amma adam öldürməkdə təqsirli
bilir.
Məhkəmənin növbəti iclası mayın 19-a təyin edilib.
Qeyd
edək ki, meyxanaçının sənət yoldaşları - Orxan Lökbatanlı, Baləli
Maştağalı, Ruslan Müşfiqabadlı prosesdə iştirak etmək üçün Bakı Ağır
Cinayətlər Məhkəməsinə gəliblər. (Lent.az)
***Qonşusunu qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla
Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən baxış iclasında zərərçəkmiş
İsgəndər Mehdiyevin hüquqi varisi Etibar Mehdiyev də iştirak edib.
İclasda prokuror Orxan Səmədov ittiham aktını elan edib.
Rəşad Dağlı ittihama münasibət bildirib, özünü qismən təqsirli bilib. O,
məhkəmə istintaqının sonunda geniş ifadə verəcəyini deyib.
Daha sonra zərərçəkmişin hüquqi varisi ifadə verib. O hər hansı şikayətlərinin olmadığını deyib.
Rəşad Dağlının vəkili Elvin Əliyev isə deyib ki, qəsdən adam öldürmə və
qanunsuz silah saxlama ittihamını qəbul etmirlər, təqsirləndirilən şəxs
bununla bağlı geniş ifadə verəcək.
Qeyd edək ki, hadisə 2022-ci ilin noyabr ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.
Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir.
Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə)
və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən
soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə
ittiham irəli sürülüb. Meyxanaçı verilmiş ittihamlarla təqsirli
bilinərsə 9 ildən-14 ilə qədər azadlıqdan məhrum edilə bilər. (apa)