658eb4c427826202312230004

"Qardaşım həbsdədir deyə başqaları ilə bir yerdə olmalısan?" - Göygöldə rüsvayçı olay

Göygöl rayonunda 1999-cu il təvəllüdlü Cəfər həbsdə olan qardaşının arvadı Elnarəyə və onun qeyri-rəsmi münasibətdə olan sevgilisi Kərəmə xəsarət yetirib.

Qlobal.net teleqraf.com-a istinadla bildirir ki, Cəfər 3 iyun 2023-cü ildə, saat 21 radələrində həbsdə olan qardaşı Vüsalın arvadı Elnarəni Kərəm ilə Göygöl rayonunun "beş ulduz" adlanan ərazisində bir yerdə görüb. O, Elnarənin Kərəm ilə arasında intim münasibətlərinin olduğunu bildikdən sonra onunla həmin şəxslər arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. 
Mübahisə zamanı Cəfər yerdən götürdüyü ağac parçası ilə Elnarənin sağ və sol əl nahiyələrinə, Kərəmin isə bədəninin müxtəlif nahiyələrinə vurub. 
İstintaq orqanı tərəfindən Cəfərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərərvurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəfər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Nuru adlı şəxsin fermasında işləyir: "Hadisə günü iribuynuzlu heyvanları Nurunun oğlu Seymur ilə Murov dağı istiqamətdə aparırdıq. Seymur isə ara-sıra gələrək mənə kömək edib. Biz yorulduğumuzdan Göygöl rayonunda "beş ulduz " adlanan yerdə dayanaraq istirahət etdik. Həmin gün təxminən saat 21 radələrində çörək yedik. Həmin vaxt əvvəllər tanımadığım, adı mənə sonradan məlum olan Kərəm adlı şəxs "Mercedes" markalı avtomobillə yanımıza gəldi. Kərəm Seymurdan Nurunun harada olduğunu soruşdu. Seymur atasının orada olmadığını dedi. Kərəm Seymura bildirdi ki, Nuru gələndə de, bir quzu götürərək gəlsin, oturub yeyib-içək. Seymur atası gələndə söyləyəcəyini bildirdi".

Təqsirləndirilən şəxs qeyd edib ki, Kərəm bu sözləri deyib gedib: "Kərəmin avtomobilində əyləşmiş qadının qardaşımın arvadı Elnarə olduğunu gördüm. Kərəmgil getdikdən təxminən 10-15 dəqiqə sonra Seymur mobil telefonlarını enerji yığması üçün qoyduğunu, birgə gedib-gətirməyi təklif etdi. Seymurla gedən zaman Kərəmgilin gəldiyi avtomobilin orada dayandığını, Seymurun da mobil telefonlarını oradan götürdüyünü gördüm. Kərəmgilin yaşadığı vaqonun yaxınlığında Seymurun mobil telefonlarını götürərək gəlməsini gözlədim. Seymurla geri qayıtdıq. Biz istirahət etdiyimiz yerə çatan zaman Seymura işimin olduğunu dedim və Elnarəgilin olduğu yerə doğru getdim. Avtomobilin dayandığı yerə çatanda gördüm ki, Elnarə və Kərəm vaqonun qarşısında pilləkəndə dayanıblar. Mən istəyirdim ki, Elnarədən niyə belə etdiyini, "qardaşım həbsdədir deyə başqaları ilə bir yerdə olmalısanmı" deyə soruşum. Lazım olanda ona özüm də maddi cəhətdən köməklik etdiyimi bildirim. Əsəbi olduğumdan məqsədim Elnarəni vurmaq idi. Vaqonun yaxınlığında yerdə olan ağacı əlimə aldım, səssizcə həyətə daxil oldum ki, məni görməsinlər. Lakin Elnarə məni gördü və qışqırmağa başladı. Əlimdə olan ağacla Elnarəni vurdum. Lakin qaranlıq olduğundan harasına dəydiyini bilməmişəm". 
Təqsirləndirilən şəxs bildirib ki, həmin vaxt Kərəm onun qarşısına keçib: "Əlimdə olan ağacla əvvəlcə Kərəmin başına vurdum, yerə yıxıldı. Daha sonra isə ağacla sinəsinə, kürəyinə, qollarına, başının müxtəlif nahiyələrinə vurdum. Lakin qaranlıq olduğundan başqa hansı nahiyələrinə dəydiyini bilməmişəm. Elnarə isə qışqıraraq kömək çağırırdı. Daha sonra əlimdəki ağacı yerə atdım, Elnarəni vurmaq üçün üzərinə doğru getdim. Lakin Elnarə qaçaraq vaqona daxil oldu. Elnarə qapını bağladı. Qapını təpikləsəm də, aça bilmədim. Bu zaman Kərəm ağacla bir dəfə başımdan vurdu. Geri baxanda Kərəmin üz-başının qan içində olduğunu gördüm və onunla yaxalaşdıq. Bu vaxt səs-küyümüzə Seymur gəldi, bizi ayırdı. Məni oradan apardı. Seymur məndən niyə münaqişə etdiyimi soruşdu. Bildirdim ki, Kərəmin yanında olan Elnarə adlı qadın həbsdə olan qardaşım arvadıdır. Bu səbəbdən münaqişə edərək, ona xəsarət yetirmişəm". 
İş üzrə zərərçəkmiş Kərəmin sözlərinə görə, "beş ulduz" adlanan yerdə vaqonda qalır, özünəməxsus iribuynuzlu heyvanlarını saxlayır: "Hazırda orada tək yaşayıram. Hadisə günü, təxminən saat 18.30-da tanışım adını sonradan bildiyim Seymur mənə yaxınlaşdı, özünəməxsus mobil telefonu enerjiyə qoymaq istədiyini bildirdi. Seymur adlı şəxslə söhbət əsnasında onun tanışım Nurunun oğlu olduğunu öyrəndim. 2 ədəd mobil telefonu enerjiyə qoyduqdan sonra özümə məxsus avtomobillə Elnarəni mənə kömək etməsi üçün gedib evlərindən qaldığım vaqona gətirdim. Əvvəlcə Elnarə ilə birlikdə Nurunun olduğu yerə getdim. Nurunun oğlu Seymur atasının burada olmadığını bildirdi. Daha sonra biz vaqona geri qayıtdıq. Geri qayıtdıqdan bir qədər sonra Seymur gələrək mobil telefonlarını götürdü. Həmin vaxt Elnarə də yanımda idi. Seymur getdikdən təxminən 10-15 dəqiqə sonra heyvanların balalarını yemləmək üçün getdim. Bir qədər sonra Elnarə vaqondan çıxdı. Qəfil Elnarənin qışqırdığını və tanımadığım şəxsin onu vurduğunu gördüm. Elnarəni qorumaq üçün qarşısına keçdikdə həmin şəxs əlindəki ağacla başımdan vurdu. Özümü itirdim və yerə yıxıldım. Həmin tanımadığım şəxs əlində olan ağacla bədənimin müxtəlif nahiyələrinə vurdu". 
Zərərçəkmiş qeyd edib ki, daha sonra həmin şəxsin vaqonun qapısını təpiklədiyini, Elnarənin isə qışqırıq səsini eşidib: "Ayağa duraraq, yerdə olan ağacı götürdüm və həmin şəxsin başından vurdum ki, içəri girərək Elnarəni vurmasın. Daha sonra həmin şəxslə vaqonun qarşısında yaxalaşdıq. Bu zaman Seymur gələrək Cəfəri məndən aralaşdırdı və özü ilə apardı. Bundan sonra yaxınlıqda olan Vəli adlı şəxs səsə gəldi. Vəliyə dedim ki, Davud adlı dostuma zəng etsin və bura çağırsın. Mən özüm də hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə müraciət etdim. Həmin vaxt Elnarə bildirdi ki, bizi vuraraq xəsarət yetirən şəxs keçmiş qaynı Cəfərdir. Daha sonra Davud yanımıza gəldi və bizi Göygöl rayon mərkəzi xəstəxanasına apardı. Cəfərin qardaşının keçmiş arvadı Elnarə ilə qeyri-rəsmi münasibətdə olmaqla yaşayıram". 
Bu cinayət işinə Göygöl Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamalarını nəzərə alıb. Bu səbəbdən Cəfərin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

29.12.2023 15:59
show 5318