Bu gün qaraciyərdəki problemlərdən xəbər verən bir neçə əlamət haqqında danışacağam. İnanıram ki, verdiyim məlumatlar sizə qaraciyərinizi qorumaqda kömək edəcək. Qaraciyərin ən böyük daxili orqan olduğunu artıq hamı bilir. Onun vacib funksiyası haqqında da məlumatlıyıq. Yad maddələri orqanizmdən xaric edən, hormonların tənzimlənməsində böyük rolu olan, enerji ehtiyatımızın və vitaminlərin qorunub saxlanılmasını təmin edən, qan dövranında iştirak edən qaraciyərimizin işi sadaladıqlarımla bitmir. Buna görə də, qaraciyərin xəstələnməsi bütün orqanizmə təsir edir.
Orqandakı problemlər ağrı reseptorlarını həmən aktivləşdirmir. İnsan
yalnız o zaman ağrı hiss edir ki, qaraciyərdəki xəsarətlərin həcmi böyük
olur. Qaraciyərimizi qorumaq üçün ağrılı mərhələyə çatmamış müəyyən
simptomlara diqqət yetirməliyik. Çünki bu orqanın sağlamlığı sağlam
yaşamağın açarıdır. Sirr isə problemlər haqqında bəribaşdan bilmək və
vaxtında müalicəyə başlamaqdadır.
Qaraciyərdə problem olduğunu göstərən əlamətlər
Orqandakı əksər problemlər gözlə görülmür və hiss edilmədən xroniki
şəkildə irəliləyir. Yalnız laboratoriyada aparılan analizlər problemin
həcmini dəqiq şəkildə bilməyə imkan verir. Amma mütəmadi olaraq,
qaraciyərimizin sağlamlığını yoxlamaq şansımız da var. Bütün digər
orqanlarda olduğu kimi, yaxşı olar ki, qaraciyərdəki problemlər
böyüməmiş ondan xəbər tutaq. Ən kiçik “xəbərdarlığı” belə, görməzdən
gəlməməliyik. Məhz buna görə, bugünkü videonu həmin xəbərdarlıqlara
ayırdım.
1. Dəridə qaşınma və soyulma. Bilirik ki, öd suyunu qaraciyər istehsal
edir. Öd suyunun həzm prosesindəki önəmli yeri barədə başqa bir
videoda daha ətraflı danışacağam. İndi, sadəcə, qeyd etmək istəyirəm ki,
öd suyu olmasa, həzm prosesi iflasa uğraya bilir. Öd suyu qaraciyərdə
istehsal olunduqdan sonra kanal vasitəsilə öd kisəsinə axır. Qaraciyərin
işində hansısa kiçik axsaqlıq olarsa, öd suyunun axması damcı şəklinə
keçir, yaxud dayanır. Bu da həzm zamanı öd suyu çatışmazlığına gətirib
çıxarır. Dəridə qaşınma və soyulma öd suyu əksikliyinin ilkin
əlamətlərindəndir. Hərdən qaşınan və soyulan nahiyədə ağrı da hiss
edilir. Bəs, qaraciyərdə nə baş verir ki, bu hallar meydana çıxır?
Əlamətlərin “haqqında danışdığı” problemlərdən biri qaraciyərin həddən
artıq yüklənməsidir. İkincisi isə, öd suyunun orqanın toxumalarında
yığılmasıdır. Qaraciyər səbəbilə yaranan qaşıntılar ayaqların altında,
ovucların içində, əlin üstündə, hətta kürəkdə də ola bilər. Profilaktik
tədbirlərdən ən əlçatanı axşamlar yemək əvəzinə meyvə-tərəvəz yemək və
yatmazdan əvvəl qaynar su ilə duş almaqdır.
2. Dəridəki dəyişikliklər. Qaraciyərin problemindən xəbər verən digər
“dəri siqnalı” isə qəfildən peyda olan ləkələr, səbəbsiz hematomalardır.
Bundan əlavə, dəridə köpmələr, kiçik, sarı, yaşıl rəngli qabarmalar
yaranması da oxşar əlamətlərdir. Ovuc içində qızarmalar və temperaturun
artması da qaraciyərin xəstələnməsi haqqında xəbərdarlıqdır.
Qaraciyərinizi müalicə etdirsəniz, bütün bu dəyişikliklərin yoxa
çıxdığını görəcəksiniz.
3. Dabandakı çatlar. Qaraciyərin istehsal etdiyi öd suyu orqanizmdə yağ
turşularının, E, C, A, B3 vitaminlərinin işlənməsini təmin edir. Bu
vitaminlər dərinin qan dövranı və tonusu üçün çox vacibdir. Əgər
qaraciyər düzgün işləmirsə, yaxud iş qabiliyyəti aşağı düşübsə, öd suyu
lazımi keyfiyyətdə olmur. Və bu da yağ turşularının, vitaminlərin düzgün
işlənməməsinə gətirib çıxarır. Orqanizm ehtiyacı olanlardan kəm qalır
və quruyur. Zamanla da çatlayır, soyulur. Bu zaman düzgün qidalanmaq
və orqanizmi susuz qoymamağa çalışmaq lazımdır. Rasiona göyərtilərin,
tərəvəzlərin, giləmeyvələrin və dənli bitkilərin daxil edilməsi də
mütləqdir.
4. Şişkinliklər. Qaraciyərdə yaranan problemlər bərabərində böyrək
çatışmazlığı və ya qan dövranının pozulmasını da gətirə bilir. Süzülmə
prosesinin düzgün getməməsi duzların dərialtı toxumalara yığılmasına
səbəb olur. Bu da, xüsusilə, ayaqlarda şişkinliklər yaradır.
5. Tərləmələrin intensivliyi. Qaraciyər zərərli maddələrlə yüklənməyə
məruz qalarsa, onun iş sürəti artır. Bu da orqanizmin temperaturunun
artmasına, nəticədə də, intensiv tərləmələrə səbəb olur.