Yerli və beynəlxalq media günlərdən bəridir Olavio Juninyonun «Sevilya»dan aldığı təklifdən yazır.
Mümkün transferin ətrafında çoxsaylı xəbərlər, şayiələr dolaşır. Dəqiq olan budur ki, braziliyalı hücumçu karyerasını İspaniyada davam etdirməyi çox istəyir.
Bunu biz Qurban Qurbanovun dilindən də eşitmişik. Baş məşqçi «sambaçı»nın «Qarabağ»ı La Liqa təmsilçisinə dəyişmək üçün gecələr yata bilmədiyini də ictimaiyyətə açıqlayıb.
Müqaviləsi 2026-cı ilin yayında başa çatacaq 28 yaşlı forvard bütün varlığı ilə ora can atır.
«Qarabağ»la «Sevilya» arasında danışıqlar hələlik davam etməkdədir. «Köhlən atlar» indiyədək qarşı tərəfdən aldığı təkliflərə «yox» cavabı verib.
Belə ki, ispanlar prosesin başında 2 milyon avro ödəməyə hazır olduğunu bildirib, sonra bu rəqəmi 3-3,5 milyon avroya qaldırıb.
Ağdam klubu nə qədər təzminat tələb eləyir? Məbləğ artıq bizə məlumdur, istəyirik ki, sizin də xəbəriniz olsun.
Demək, Azərbaycan çempionu «sambaçı» üçün 10 milyon avro istəyir. Bir daha «Sevilya»nın nəzərinə çatdırılıb ki, Juninyo bu rəqəmdən aşağı satılmayacaq.