pensiya

Qadınlar kişilərlə müqayisədə daha tez pensiyaya çıxmalıdır - Deputat

Azərbaycanda 2025-ci il üçün kişilərin və qadınların pensiya yaşının artacağı bəlli olub. “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, 2017-ci ildən başlayaraq, hər il qadınların pensiya yaşı 6 ay artırılır. Bu proses 2027-ci ilə qədər davam edəcək.

Beləliklə, 1 iyul 2024 - 30 iyun 2025-ci il tarixində kişilərin pensiya yaşı dəyişməz qalaraq 65, qadınların pensiya yaşı isə 6 ay artırılaraq 64 olacaq.

2027-ci ildə həm kişilərin, həm də qadınların pensiya yaşı 65-ə bərabərləşəcək.

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan Milli Məclis üzvü Vüqar Bayramov bildirib ki, qadınlar kişilərə nisbətən daha tez pensiyaya çıxmalıdır:

"2017-ci ildə "Əmək pensiyaları haqqında" qanuna edilən dəyişikliklərə uyğun olaraq, Azərbaycanda qadınların pensiya yaşı ilə kişilərin pensiya yaşının bərabərləşdirilməsi həyata keçirilir. Təbii ki, biz bütövlükdə qadınlarla kişilərin pensiya yaşı arasında diferensial fərqin tətbiqinin tərəfdarıyıq. Bununla bağlı təklifimiz ondan ibarətdir ki, bütövlükdə qadınların daha tez pensiyaya çıxması daha məqsədəuyğundur. Ona görə biz qadınların kişilərlə müqayisədə daha tez pensiyaya çıxmasını təklif edirik.

Deputat qeyd edib ki, bu praktika bir çox xarici ölkələrdə də tətbiq olunur:

"Bu bir çox ölkələrdə tətbiq edilən praktikadır. Uyğun praktikanın Azərbaycanda tətbiq edilməsi də məqsədəuyğun olardı. Eyni zamanda, nəzərə alsaq ki, qadınların bütövlükdə, xüsusən yaşlı dövrdə daha çox sosial təminata ehtiyacı var, bu baxımdan bu istiqamətdə diferensial yanaşmanın tərəfdarıyıq və güman edirik ki, bu yanaşma qadınların daha tez pensiyaya çıxmasını təmin edə bilər".

01.03.2025 10:40
show 70