Tez-tez qalmaqallı fikirləri ilə gündəmə gələn psixoloq Samirə Bağırova sfera.az-a müsahibə verib.
Psixoloqla söhbəti təqdim edirik:
- Belə bir deyim var ki, dərzi öz söküyünü tikə bilməz. Siz psixoloq kimi bir çox insanın mənəvi məlhəmi olursunuz. Bəs özünüz? Yəni psixoloqun da psixoloqa ehtiyacı olduğu anlar olurmu?
- Normal bir insana psixoloq lazımdırsa, psixoloqun özünə iki
psixoloq lazımdır. Həm şəxsi həyatı ilə bağlı, həm də ona müraciət
edənlərin yükünü daşımalıdır axı... Hətta digər ölkələrdə belə bir
məsələ var - psixoloq ay ərzində supervizorlara müraciət etməlidir, əks
halda, cinayət işi açılır. Çünki sonu intiharla nəticələnə bilər. Bizdə
isə belə bir şey yoxdur. İstər həkimlər, istərsə də psixoloqlar hansısa
psixoloqa getməyi özünə sığışdırmır. İnsanlar arasında hətta indi-indi
dəbə düşməyə başlayıb ki, psixoloqa dəli getmir, normal şəxslər də
müraciət edir. Necə ki, mənə heç bir psixoloq müraciət etməyib, mən də
etməmişəm. Amma ehtiyacım olmadığına görə yox. Təbii ki, təzə
başlayanda problemlər olurdu - çox ağır hekayələr dinləyirsən. İlk
başlarda bizim psixoloqlardan birinə müraciət etmişdim ki, məndə belə
hallar baş verir. Artıq öhdəsindən gəlmə təməlini tuta bilmişəm,
neqativi bloklamağı bacarıram.
- Sosial şəbəkələrdə fenomen birisiniz desək, yanılmarıq. Videolarınız
paylaşılır, kimi tənqid edir, kimi həmfikir olduğunu bildirir. Daha çox
nəyə görə qınanılırsınız? Sizcə, qadınların sevimlisisiniz, ya
kişilərin?
- Ötən günlərdə bir şərh oxudum: Xanımların Hikmət Hacıyevi varsa, kişilərin də psixoloqu var - Samirə Bağırova. O qədər güldüm ki, bu cümləyə. Mən feminist biri deyiləm, yaxud da birtərəfli danışan biri. Paylaşımlarımda həm kişilərdən, həm də qadınlardan söz açıram. Məsələn, axırıncı paylaşımlarımdan biri qadınlarla bağlı idi, bu dəfə bəylər məni qınamağa başladılar. Həmin videoda qeyd etmişəm ki, əl qaldıran, şiddət göstərən kişilərdən uzaq durmaq lazımdır və kişilərin tənqidi ilə üzləşirəm. Bu artıq o kişilərdir ki, onlar bunu edirlər, sərf etmir onlara. İnsanlar danışaraq həll edir məsələni, şiddətlə, mühakimə etməklə, lağa qoymaqla, təhqir etməklə deyil. Mən ola bilər kişilərdən danışım, yaxud xanımlardan, cütlüklərdən, ailə məsələlərindən, valideyn-uşaq münasibətlərindən. Kiminsə qəbul etməməsi və ya əksi normaldır. Beyinlər fərqlidir, kiməsə sərf edir, kiməsə yox. Hamının səni sevməyi normal deyil. Kimsə sənə nifrət etmirsə, sən maraqsız birisən.
- Haqqınızda ən çox rastlaşdığım şərhlərdən biri də Türkan Şoraya bənzədilməyinizlə bağlı idi. Bənzəyirsiniz, yoxsa özünüzü bənzədirsiniz? O aktrisaya heyranlıq var?
- Açığı, Türkan Şoraya heyranlığım olmayıb. Mənim anam onun fanatı idi. Xatırlayıram ki, anam həmişə Şorayın "Arım, balım, peteyim" filminə çox baxırdı. Amma uşaqlıqda çox çirkin olmuşam. Ümumiyyətlə, məni qıza oxşatmırdılar. Deyirdilər guya özümü bənzətməkdən ötrü əməliyyat etdirmişəm. 15-20 ilin şəkillərini paylaşdım gördülər ki, elə həmən dövrdən beləyəm. Bizdə çox qızlar bir-birinə bənzəyir, ona görə də normaldır. Bilərəkdən özümü Türkan Şoraya bənzətmirəm. Makiyaj edirəm, oxşarlıq özü-özündən yaranır. Mənə dedilər makiyajsız şəkil paylaş, etdim, yenə oxşatdılar. Əslində mən Ancelina Coliyə oxşamaq istəyərdim. Amma bilərəkdən nəsə edim, yox. Bir-iki dəfə Türkan Şoray makiyajı etmişəm.
- Əməliyyatlardan söz düşmüşkən, bu gün qadınların əksəriyyəti estetik əməliyyatlara meyllidir. Artıq "hamı bir-birinə oxşayır" deyənlərin sayı da artıb. Niyə qadınlar bir-birinə bənzəməyə üstünlük verirlər?
- Dünyanın hər yerində vəziyyət belədir, tək bizdə deyil. Deyərdim
ki, ən böyük bədbəxtlikdir. Sovet dönəmində biri tutaq ki, jaket geyəndə
hamı ondan istifadə etməyə çalışırdı. Çünki yox idi və kiminsə üstündə
görəndə həsəd aparırdıq. Daha sonra geyim çoxaldı və əksi oldu. Toylara
gedəndə xanımlar öz paltarından kimdəsə görəndə depressiya yaşayırlar.
Amma qəribə də olsa, görünüş məsələsində hamı bir-birinə bənzəməyə
başladı. Bununla bağlı ən çox yeniyetmələr yanıma gəlir, valideynləri
gətirir ki, 15-16 yaşı var və burun əməliyyatı etdirmək, çənə uzatmaq
istəyir və s. Əgər çox qabarıq şəkildə problem varsa, kompleks
yaradırsa, etdirsin, özgüvəni də bərpa olur. Ancaq məsələn, şəkil
gətirirlər ki, mən buna oxşamaq istəyirəm, bu artıq psixoloji durumdur.
Boşluq var orda, diqqət, sevgi əkslikliyi var. Bir xanım əməliyyata
ehtiyacı olmadığı halda, onu edirsə, bununla bitirmir, növbəti əməliyyat
istəyəcək. Burda psixologiyanı yoluna qoymaq lazımdı. Axı sən bir
başqasan və belə olmaq daha keyflidir. Hər kəs qoy özüm kimi olum,
bəyənən onsuz da bəyənəcək deyə bilməlidir. Sən özünü qəbul edirsənsə,
hamı qəbul edəcək.
- Samirə xanım, cəmiyyətimizdə cinsi məsələlərlə bağlı boşluq var.
Hansısa səbəbdən danışmağa utanırıq. Səbəb nədir, niyə özümüzə
yaraşdırmırıq?
- Çox ayıblayırlar. İki il öncə, bölgələrin birində bir qız uşağı
menstruasiya dövrü keçirsə də, nə olduğunu bilmədiyinə görə intihar
etmişdi. Bir ananın evində qız uşağı böyüyürsə, onu başa salmalıdır.
Uşaqlarda 11 yaşından etibarən həyatla bağlı suallar yaranmağa başlayır.
Elə sizdən öncə, bir xanım müraciət etmişdi ki, oğlumun 5 yaşı var,
sürtünmələri olur, mən onu necə müalicə edə bilərəm. Vurmaq, qışqırmaq,
döymək olmaz, o uşaq başa düşmür axı. Sən ona ha denən ki, olmaz,
bədənində gedən reaksiyadır, necə başa salasan? Fikrini yayındırmaqla,
nağıl danışmaqla və s. Bu dönəm bir də 13-14 yaşlarında, yeniyetməlik
zamanında baş verir. Tez inkişaf edən uşaqlar da var. Bununla bağlı
valideyn, ana xəbərdarlıq etməlidir. Yaxud oğlandırsa, ata ilə oğul
arasında söhbət olmalıdır. Məsələn, tualet tərbiyəsi var - uşaq vaxtı
analar qızlarına, atalar isə oğullarına öyrətməlidir. Eləcə də
yeniyetməlik dönəmində müəyyən məsələlər başa salınmalıdır. Çünki çox
müraciət edənlər var. 23-25 yaşında gəlir deyir ki, mən intihara qərar
vermişəm, dözə bilmirəm, bu yükü özümlə daşıya bilmirəm. Niyə? 13-14
yaşım olanda masturbasiya dönəmində qonşu uşaqla sürtünmə olmuşdu,
deməli geyəm. Bu adam özünü dərk etmir.
Yanlış informasiya alırlar, ordan-burdan, internetdən. Həmin sürtünmə
dönəmini yaşayan xanımlar da var. 13-14 yaş bədənin oyanma vaxtıdır,
insan özü də bilmədən masturbasiyaya başlayır. Qızların bir-birilərindən
xoşları gəlir sürtünmə yolundan istifadə edirlər. Sonra gəlir ki, mən
lezbiyanam. Deyilsən. O elə bir dönəmdir ki, fərqində olmayıb,
sublimasiya edə bilməyib və bilmədən qonşu qızı, xala qızı , ya kimləsə
bu proses başlayıb. Belə olan halda, dərhal eynicinsli olduqlarını,
normal olmadıqlarını düşünürlər. Oğlandırsa deyir "qadın ruhundayam",
qızdırsa "kişi ruhundayam". Həmən mərhələnin öhdəsindən gələ bilmir.
Çünki hara baxırsan, eynicinsli münasibətlərdən danışılır, reklam
olunurlar. Məsələ budur. Valideyn mütləq şəkildə övladına başa
salmalıdır, əgər yolunu bilmirsə, psixoloqdan yardım istəmək lazımdır.
Dini baxımdan deyirlər ki, günahdır, siz insanları səhv yola
yönləndirirsiz. Xeyr. Bir insan özünə toxunub özünü qəbul etməlidir.
Əgər bunu etmirsə, özünə qarşı yadlaşma gedir. Orqanizmində nə baş
verirsə, insan onu bilməlidir, normaldır. Bunu o qədər ayıblayırlar,
qloballaşdırırlar ki... Xarici ölkələrdə qızlar masturbasiya dönəmində
artıq cinsi əlaqəyə girirlər. Bizdə axı mentalitet var, müsəlman
ölkəyik. Ona görə də 18 yaşdan icazə verilir ki, bu bədənin tələbatı
ödənməlidir - ya evlilik yolu ilə, ya da masturbasiya.
- Uşaqları və yeniyetmələri vurğuladığınız. Amma qadınla kişi arasında da cinsi məsələlərin müzakirə edilməsi ilə bağlı problemlər var. Tutaq ki, qadınlar öz həyat yoldaşına seks ehtiyaclarını deyə bilmir. Düşünür ki, desəm, sabah mənə "fahişə" deyər.
- Xanımlarla söhbət zamanı başa düşürəm ki, hətta onların 90 faizi
orqazmın nə olduğunu bilmirlər. Qəribə də olsa deyəcəm. Xanımla kişi
evlənir, ilk həyata qədəm qoymağa hardan başlayır? Toy gecəsindən. Yəni
cinsəllik insan həyatında önəmli bir faktordur. Hətta dinimizdə də var
ki, evləndinsə, sən xanımının istəklərini yerinə yetirməlisən. Bizdə
amma pərdə o qədər qalındır ki, bir-biriləri ilə söhbət edə bilmirlər,
xəyanətə üstünlük verirlər. Kişilər xəyanət edəndə ikinci qadının
yanında tam özləri olduqları kimidirlər. Ailədə başqadılar, özləri
deyillər. Sanki bir rol götürürlər üstlərinə, cildə girirlər. Olmazmı
ki, sən elə öz həyat yoldaşının yanında özün olasan? Elə təməldən,
ikiniz bir araya gəlirsiniz və ehtiyaclar, istəklər barədə danışırsınız.
Bəli, bəylər var ki, xanım ondan çox şey tələb etdiyi zaman "bunları
hardan bilirsən", "demək ki, məlumatın var" deyəcək. Psixologiyada insan
tiplərə bölünür - temperament tipləri var. Kimsə passivdi, kimsə
aktivdi və ya daha ehtiraslıdır. Bu artıq onun genetikasından gəlir. Bu
baxımdan əvvəldən bunlar danışılmalıdır, belə olarsa, əksinə
bir-birilərinə daha da bağlı olacaqlar. Bizdə "qadınla belə şey
danışılmaz, olmaz", "qadın az bilməlidir", "övladımın anasıdır" fikri ön
plandadır. Arvad kimi baxırlar, amma xanım kimi yox.
Yenə təmələ gələcəm - valideynlər uşaq böyüdəndə ona özününkü kimi
baxır. "Mənim uşağımdı, özüm bilərəm". Xeyr. Dünyaya gətirilən hər uşaq
sənin deyil, cəmiyyətindir. Sabah o hansısa bir şirkətin işçisidir,
kiminsə yoldaşıdır və ya xanımıdır, valideyndir. Qız uşaqlarını
böyüdəndə onu "arvad" kimi yetişdirmək lazım deyil. Kişi də eləcə.
Evlənəndən, uşağı olanda, qarın qabağa gələndən sonra kişi status
daşıyır. Olmazmı ki, sən uşaqlıqdan buna kişi deyə müraciət edəsən. Bu
sözlərlə ona məsuliyyət yükləyirsən artıq. Qız uşağına "sabah ana
olacaqsan" deməkdənsə, ilk növbədə "sən xanımsan" deməliyik. Belə olan
halda, o, xanım kimi davranmağa başlayacaq.
- Kişilər həyat yoldaşlarına yaraşdırmadığı şeyləri başqalarında, hətta
homoseksuallarda belə tapmağa çalışırlar. Buna səbəb nədir?
- Çünki onlar qorxurlar. Özünün gizli, zəif tərəfləri var, onu
göstərməkdən, xanımının gözündən düşməkdən çəkinir. İnsanın şüuraltında
nə yatdığını bilmirik. Cinsi münasibət elə bir şeydir ki, ehtiyatlı
davranmaq lazımdır. Bu gün pornoqrafiq videolar geniş yayılıb.
Yeniyetmələrdə xüsusilə diqqətli olmalıyıq, onlar bu cür videolara
baxdıqca şüuraltlarına nələrsə yüklənir. Sabahısı gün cinsi münasibətə
girəndə onların yaşadıqları az gəlməyə başlayır, başqa şeylər sınamaq
istəyirlər. Daha dərinə getdikcə artıq insanlıqdan çıxmağa başlayır,
normal cinsi münasibət cızığından çıxır, sadə dildə desək, pozğunluqlara
gedirlər. Bunu qarşı tərəf qəbul etməyə bilər və xəyal qırıqlığı
yaşayar. Bu baxımdan qorxular var. Hər şeyin həddi olmalıdır, balansı
hər yerdə qorumaq lazımdır. Cinsi münasibətdə də. Əgər ağlına qeyri-adi
bir şey gəlirsə, sən artıq onu sekspotoloqla müzakirə etməli, öhdəsindən
gəlməlisən ki, niyə məndə normadan kənar hisslər var.
Biz heç "seks" sözünü deyə bilmirik. Halbuki bu söz kişi, qadın
cinsiyyətini bildirir. Amma bizdə "seks" intimə yozulur. Hətta ər-arvad
sekspotoloqa müraciət edir. Sivil insanlar bu şəkildə öz problemlərini
həll edirlər ki, xəyanət baş verməsin, ailə dağılmasın. Amma digərləri
kənarda görürlər. Son günlər baş verən bir sıra şeylər məni də çox
təəccübləndirir.
Deyəcəyim məsələ artıq geniş yayılıb. Deməli, evli kişilər guya çox
qadınla görüşür, yəni gündə biri ilə görüşürmüş kimi imic yaradır.
İkinci telefonu da olur. Bir xanımla restoranda oturur, birinə hədiyyə
alır və.s. Çevrəyə göstərməkdən ötrü, sanki bu, "babnik"dir. Əslində isə
gizli sevgilisi kişidir. Onu heç kim bilmir, bütün istəklərini,
ağlasığmayan cinsi arzularını onunla həyata keçirir. Xanımı bunu qadınla
tutsa belə, qoy elə bilsin ki qadındır. Maskalanırlar. Ona görə
xanımlara deyirəm ki, siz hələ yoldaşınızı qadınla tutsanız, şükür
edin.
- "Bütün kişilər xəyanət edir" - bu, təkcə bizdə deyil, elə dünyada da qəlibləmiş fikirdir. Adətən, səbəb kimi onların yaradılışı məsələsi irəli sürülür. Samirə xanım, xəyanət etməyən kişi var?
- Özüm də bunu bir neçə dəfə sorğulamışam: bütün kişilər xəyanət edirmi? Yox. Çox qəribə məsələ var. Qadınlar xarizmatik kişiləri sevirlər. Xanımlar gəlir ki, mən nə deyirəm, kişi razıdır, maraqsızdır, bir xarizması yoxdur. Bu səfər də biri gəlir ki, mənim həyat yoldaşım çox xarizmatikdir, dəhşətli dərəcədə qısqanıram, bütün xanımlar ona yazır, xəyanət edir. Xanımlar əslində xəyanət edən kişilərə daha meylli olurlar. Amma hər xarizmatik kişi də xəyanət etmir. Bu yaxınlarda məsələn, biri deyir ki, mənim bir dostum var, o qədər gözəl xanımı var, dominantdı, hamı belə birini əldə etmək istəyər, ancaq kişi xəyanət edir. Çünki o xanım statusludur, dominantdır. Hər bir kişi özünü Allah kimi hiss etməyi sevir. Kişilər xəyanət etdiyinin yanında özünü statuslu sayır, üstün hiss edir. Amma yoldaşının yanında bunu edə bilmir. Kişiyə özünü kral kimi hesab etməsi üçün icazə vermək də yanlışdır. Səndən aşağı səviyyədə olmasına icazə vermək də düzgün deyil. Qadın istəsə, kişini həm vəzir edər, həm rəzil. Çox fədakar olmaq da olmaz.
- Bəs sizcə, biz nə etsək, boşanmalar azalar?
- Qadınlar öz dəyərini bilməyə başlayanda. Əvvəlki evliliklərdə
"başlıq pulu" var idi və çox təəssüf ki, bu, qızın valideyninə çatırdı.
Əslində qıza verilməli idi. Əgər xanımlar müqavilə ilə evlənsələr, öz
şərtlərini əvvəldə qoysalar, daha dəyərli olacaqlar. Bizdə niyə ərə
gedirlər? "Camaat deyəcək ki, qız evdə qaldı", "artıq yükdü, yeyənimin
biri azalacaq". Keçmişdə "başlıq pulu", indi müqavilə deməkdir. Ata
evindən gələn qız, uşağı səndən qazanıb, düzdür? Müqavilə əsasında
boşanma baş versə, xəyanət də azalacaq. Bizim millət digərlərinə
nisbətən, mala, mülkə daha çox önəm verirlər axı, itirmək qorxusu daha
çoxdur axı. Kişi biləndə ki, pul itirə bilər, daha diqqətli davranacaq.
Xəyanət olsa belə, yoldaşının üstündə əsəcək ki, pulumun yarısı
getməsin. Londonda, ABŞ-da boşanan kişi lüt qalır. Britaniyada
ümumiyyətlə, ən sonuncu kişi haqlarıdır, kişidən qabaq it gəlir. Kişi
sual edə bilər ki, xeyir ola, sən onda mənlə pula görə evlənirsən.
Əzizim, sabah sən mənə xəyanət də edəcəksən, uşaqla çöldə də qoyacaqsan.
Heç bir qadın yaxşı kişidən boşanmır. Bəylər deyəcək ki, heç bir kişi
yaxşı qadına xəyanət etmir. Xeyr, edir. Əvvəldən şərtlərlə evlənmək
lazımdır. Sabahı gün uşaqla qalan qadın sıfırdan başlayır, bir işə
başlamaq üçün əlində nəsə olmalıdır. Xanımlar özünə dəyər verəndə
boşanmalar da azalacaq. Sən çətin əlçatan olsan, kişi də qədrini
biləcək. Səni istəyirsə, gözünü bağlayıb "sənə hər şey qurbandır"
deyəcək, müqaviləyə razı olacaq. Əks təqdirdə, deməli malı-mülkü daha
önəmlidir. Qadında xəyanət məsələsini hara fırlatsan da, kişinin
boşluğuna gəlir. Qadın qulağı boş qalmamalıdır. Ayda bir çiçək alsalar,
özəl günləri qeyd etsələr, səbəbsiz nələrsə etsələr, könlünü xoş
tutsalar, qadın xəyanət etməz. Mütləq kişi boşluğu olur ki, bu yola əl
atırlar. Çoxu da peşman olur. Kişilərdə isə xəyanətin milyon səbəbi var.
Məsələn, deyir ki, mən çox ehtiraslıyam, xanımım passivdir, ondan nəsə
istəyirəm, qəbul etmir. Baxırsan ki, düzdür. Bir kişi qadınına natəmiz
olduğuna görə xəyanət edirdi. Kişi təmizkardır, deyir ki, mən evə
girirəm, qablar çirklidir, yer yığışdırılmayıb , evə əl gəzdirilməyib,
ancaq əlində telefon və s. Həmin kişi boşanmır, amma xəyanət edir və
yanına getdiyi qadın təmizkar olur. Bu da düzdür.
Valideynlərinin məcburiyyəti ilə evlənənlər də mütləq xəyanət edir. Mən
buna da cinsi istismar deyirəm. Yəni valideyn istəyir deyə, uşağını
təcavüzə məcbur edir. İstəmədiyin adamla evlənmək nə deməkdir? Zorlanmaq
deməkdir, qəbul etsələr də, etməsələr də - valideynim istəyib deyə mən
bu adamla yatmalıyam. Burada yüz faiz xəyanət var, qadın tərəfdən də,
kişi tərəfdən də. Xəyanət birinci beyində baş verir. Artıq yatağa girmək
məsələsi sondur. Ora çatana kimi beynində qərarını verir. Kişilərdə ani
xəyanətlər ola bilər. Ancaq qadın xəyanətə gələnə qədər yüz dəfə ölçüb
biçir, nə edəcəyini bilir, ani olmur. Kişi içkili olduğunu deyə bilər,
yaxud özünü itirdiyini, onlarda heyvani hislər oyana bilər, nə etdiyini
bilməz.
- Kişi bilmədən bu yola gedirsə, onu xəyanət kimi qiymətləndirməməliyik?
- Xəyanətdir. Başqa qadınla mesajlaşması da xəyanətdir. "Flört" başqa
şeydir. Bu xəyanət sayılırmı? Yox. Bəzi insanlar flört etməyi sevir. Mən
hətta onlara çox ünsiyyətcil adamlar deyərdim. Fərqi yoxdur qadın və ya
kişilərlə ünsiyyətə girməyi sevirlər. Birindən nömrəni niyə götürürsən?
Deməli bəyənmisən. Dost? Xeyr, qadınla kişinin dostluğu yoxdur. Mümkün
deyil. Qadın-kişi dostluğu simpatiya üzərində yaranır, iki tərəfdən
birinin mütləq xoşu gəlir, ona görə o dostluqlar baş verir. İstisna ola
bilər ki, bir tərəf lezbiyan, ya da geydir. Bəyənmə hissi olmasa, heç
vaxt dostluq alınmaz.
- "Kişi evə qaçırsa, səbəbkar qadındır, kişi evdən qaçırsa, səbəbkar
yenə qadındır". Bütün məsuliyyəti qadının üzərinə yükləmək nə dərəcədə
doğrudur?
- Qadının üzərinə yükləmək lazımdır. Çünki qadın boğazdır, kişi başdı.
Yer üzündə qadın qədər güclü məxluq yoxdur. Hər şeyin təməlini qoyan
qadındır. Bəzi qadınlar döyüldüyündən, söyüldüyündən şikayətlənir,
halbuki icazə verən də özləridir. İlk başda sən dözməsəydin, cəza tətbiq
etsəydin, yerini biləcəkdi. Xəyanətə sən vadar etmisən. Qadın istəsə,
kişini evə darta bilər. Bir də var, evə bağlı olmayan kişilər. Söhbət
normal insanlardan gedir. Xanımın həm gözəlliyi, zəkası, evdarlığı var,
hər şeyi yerindədir, ancaq kişi evə bağlı deyil. Bu artıq kişinin öz
problemidir. Bu kişilər uşaq vaxtı həddindən artıq ata-ana davasının
şahidi olanlardır. Belə insanlar evə gəlmək istəmirlər. Bir oğlanla
evlənəndə onun atası-anası haqqında fikirlərini bilmək lazımdır. Əgər
valideynlərinə bağlı deyilsə, öz ailəsinə qarşı da elə olacaq. Həddindən
artıq anasına bağlıdırsa, o da yanlışdır. Belə yerdə gəlin-qaynana
münasibətləri dəhşətli dərəcəyə çatacaq. Ana ilə oğul məsafəli
olmalıdır, amma əlaqə qopmamalıdır.
- Homoseksuallıq məsələsinə toxunmaq istəyirəm bir az. Bu, Ümumdünya Səhiyyə Təşkilatının xəstəliklər siyahısında yoxdur. Psixoloq kimi necə düşünürsünüz, homoseksuallıq xəstəlikdir, yoxsa sonradan qazanılan vərdiş?
- Vərdişdir və birbaşa psixoloji pozuntudur. İstəyir lezbiyanlar,
transeksuallar olsun, istəyir geylər, biseksuallar olsun, hamısının
təməlində uşaqlığı ilə bağlı travmaları var. Ümumi adı valideyn
nəzarətsizliyidir. Ya bayaq dediyim yeniyetmə dönəmində başa salanı
olmayıb, ya istismara, təcavüzə məruz qalıb, valideynləri tərəfindən
atılıb. Tutaq ki, oğlan uşağı kiçik yaşlarında təcavüzə məruz qalıb. Sən
niyə sonradan qadın olursan? "Mən kişi olmalı deyildim, yanlış
doğulmuşam" deyirsən?
Biri küçəyə çıxıb "prezidentəm, hamınız mənə tabe olmalısınız" desə, onu
aparıb dəlixanaya salacaqlar. Amma bir oğlan çıxıb deyir ki, mən
qadınam və cinsiyyətini dəyişir, buna normal baxırlar. Niyə? Problem
başqa bir şeydədir. Bəziləri təcavüzə məruz qalsa da, kişi kimi həyatını
davam edir. Fərq burasındadır. Onsuz da uşaq vaxtı istismara uğrayan
oğlan uşağında kişilik mənliyi ölmüş olur. Məsələn, 23 yaşında bir oğlan
gəlmişdi, həyatında heç bir münasibəti alınmır, çox aqressivdir, özünə
qapanıqdır, insanlarla ünsiyyəti yoxdur. Sonra məlum oldu ki, 11 yaşında
olanda 14 yaşlı qonşu oğlan tərəfindən dəfələrlə cinsi istismara məruz
qalıb. Amma bu gey deyil, demir ki, içimdə qadın ruhu var, normal kişi
kimi həyatını yaşayır, təbii ki travması ilə.
Əvvəllər də bu olub, ancaq internet yox idi, məsələ bu şəkildə
qabardılmırdı. Eynicinsli münasibət yaşayanlar əslində heç də elə
deyillər. Bu, onların şüuraltıdır. Gördükləri, dinlədikləri təsir edir
və həyatında da uşaq vaxtı travması olubsa, artıq yönəlir. Ola bilər,
istismar, təcavüz baş verməyib, valideyn hamilə vaxtı oğlunun olmasını
çox istəyir, lakin qız övladı olur. Onu uşaqlıqdan oğlan kimi böyütməyə
başlayırlar. Uşağın nə etdiyinə valideyn nəzarət etməlidir. Məsələn,
mənim iki böyük qardaşımın ardınca mən dünyaya gəlmişəm. Çox açıq bir
şey danışacam. Mən görürdüm ki, qardaşım ayaqyolunda ayaqüstə işini
görür, mən də onu təkrar etməyə başlamışam. Təbii ki, anam mənə qız
olduğumu, bu şəkildə etməməli olduğumu izah edib. Yəni qız uşağı
gəlinciklə oynamalıdır, əgər maşına meyllidirsə, bunu valideyn
yönləndirir. Yaxud valideyn makiyajdan istifadə edir, oğlan uşağı da onu
təkrar etmək istəyir, ana buna icazə verməməlidir. Oğlan uşağını
bacıların öhdəsinə buraxmamalısan, çünki qız kimi tərbiyə edəcəklər.
Bunun kimi çox nümunə çəkmək olar. Təməli valideyn qoyur. İndiki zamana
görə 10 gözün olmalıdır. Bu o demək deyil ki, sıxmaq lazımdır, yox.
Sadəcə düzgün izahat verməliyik.
- Son zamanlar gündəmdə olan mövzulardan biri də feminizm və feministlərdir. Bu barədə nə düşünürsünüz?
- Feministlərin bir qismi ya eynicinsli münasibət yaşayanlardır,
lezbiyanlar, ya da ki mütləq şəkildə kişilərdən nəsə görüblər - uğursuz
nikah, uğursuz münasibət, yaxud dominant ananın qızıdır. Hər şeyi
Avropadan götürürük, evlilik öncəsi müqaviləni də götürün də. Çox
dəxlisiz şeyləri götürürlər, feministlik filan. Feministlik bizə uyğun
deyil, ümumiyyətlə, qəbul etmirəm. Çünki Azərbaycanda kişi bir pillə
qadından üstün olmalıdır. Hər bir uğurlu kişinin arxasında güclü qadın
var. Və hər bir uğurlu qadının həyatında uğursuz kişi olur.
Bir idarəçi olar, iki nəfərlə olmur. Qadın və kişinin bərabərliyi ortaya
çıxdı, ondan sonra bizdə problemlər başladı. Bizdə bərabərliyi düzgün
başa düşmürlər. Bu o deməkdir ki, qadın da işləyə bilər, kişi də, uşaq
tərbiyəsində qadın da, kişi də eyni iştirak etməlidir. Bizdə axı elə
deyil. Qadın tərbiyə verir, sabah gün bir səhv olanda "sənin verdiyin
tərbiyədir" sözünü eşidir. Yox əzizim, o uşaq sənə də aiddir, tərbiyədə
sən də iştirak etməlisən. Bərabərlik o demək deyil ki, sənə olarsa, mənə
də olar. Ona olan sənə də olsaydı, onda ikiniz də eyni cinsiyyət orqanı
daşıyardınız.
Niyə birinci kişi yaranıb? Əgər bərabərlik varsa, ikiniz də eyni vaxtda
yaranardız da. Birinci kişi yaranıb, sonra qadının badına gedib.
Düşünürəm ki, idarəedici bir nəfər var, o da kişidir və ailə ona tabe
olmalıdır. Qadın həmişə düzəliş edəndir.
- Son olaraq, əgər bir siyasətçi xalqın hislərinə toxuna bilirsə,
çıxışlar edib səs yığırsa, bu artıq psixoloji gedişdir. Sizcə, bir
psixoloqdan mükəmməl siyasətçi olarmı?
- Niyə olmur ki. Mən şəxsən gələcəkdə millət vəkili olmağı
fikirləşirəm. Xalq arasında olan biri seçilməlidir. Məsələn, bu gün
bizdə məişət zorakılığı haqqında qanun qüvvəyə minməyib. Milli Məclisdə
oturan bəzi ağsaqqallar hələ də başa düşmürlər ki, necə yəni kişi qadına
bir şillə vuracaq, o da gedib şikayət edəcək, kişiyə cəza kəsiləcək.
Yaxud uşaq ata-anasından şikayət edəcək, cəza tədbirləri görüləcək.
Bu gün nə qədər həyat yoldaşı tərəfindən öldürülən qadın var.
Uzaqdan-uzağa tanış biri var idi, boşanmışdı, 7 ildən sonra keçmiş həyat
yoldaşı gəlib üzünə "kislota" tökmüşdü. Axı ailə zəminində baş verən
hadisələr var. Bunların heç birinə baxmırlar və deyirlər ki, ailə içində
olan söz-söhbətdir. Amma qanun qəbul edilsə, artıq hər kəs öz həddini
biləcək.
Bilirsiniz, yanıma nə gündə xanımlar gəlir? Diş yox, döyülüb. Xanım var
ki, 6 aydır hava nədir bilmir, çölə çıxmaq icazəsi yoxdur. Məişət
zorakılığı haqqında qanun qüvvəyə minsə, həmin kişiyə cəza düşür. Odur
ki, riyaziyyat müəllimi gəlib icra başçısı ola bilir, psixoloq yox? Bu
arada mən 10 il təyyarə bələdçisi işləmişəm. Çoxları yazır ki, bu axı
təyyarə bələdçisi olub, bundan nə psixoloq çıxar? Çox gülünc bir
yanaşmadır. Kim anasının qarnında nazir olur? Kim millət vəkili olur?
Müəyyən bir yerə gəlmək üçün mərhələlərdən keçməlisən. İnkişaf etmək
istəyirəm, niyə sahəmi dəyişməyim? Hələ 2 ildən sonra harada olacam
bilmirəm. Siyasət məsələsinə gəlincə, bəlkə 42 yaşımda filan niyə də
olmasın? Sınamaq olar.