putin

Putini Bakıya gətirən üç mühüm səbəb

"Ukrayna ordusunun Rusiya ərazisinə müdaxiləsi və Rusiya ordusunun bunun qarşısını ala bilməməsi fonunda Kreml sahibi Vladimir Putinin hər açıqlaması diqqətlə izlənilir, rəylər verilir. Bu mənada Rusiya prezidentinin sabah Bakıda verəcəyi açıqlamalar da diqqətlə öyrəniləcək, onun səsləndirəcəyi hər kəlməsi və sətiraltı ifadəsi lupa ilə araşdırılacaq".

Qlobal.net xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu Rusiya lideri Vladimir Putinin Bakıya səfərini şərh edərkən bildirib.

Politoloqun fikrincə, Putinin Bakıda müzakirə edəcəyi mövzular bunlardır:

1. Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarının artırılması;

2. Rusiya qazının Azərbaycanın imkanlarından istifadə edilərək Avropa dövlətlərinə satılması;

3. Moskvanın Bakı ilə İrəvan arasında moderatorluğu.

“Belə fikirlər də səsləndirilir ki, Moskva ilə Kiyev arasında danışıqlara başlamaq üçün Bakı məkan kimi seçilə bilər. Bakının belə bir təcrübəsi var. Putin Ukraynanın Rusiya ərazisinə hücumundan sonra Kiyevlə sülh danışıqlarını istisna etsə də, Kreml sahibi vəziyyətin onun və ölkəsinin zərərinə istiqamətləndiyini anlamamış deyil. Onun real vasitəçiyə və ya danışıqlar üçün tərəfsiz məkana ehtiyacı var. Belarus bu rola yaramır. Kiyev qəbul etməyəcək. Türkiyənin vasitəçiliyinə Kreml ehtiyatla yanaşır. Çünki Moskva Türkiyə-Ukrayna hərbi sahədə əməkdaşlığından narazıdır. Bir ara Çin vasitəçiliyini təklif etmişdi, ancaq Pekinin balansı Rusiyanın xeyrinə pozması Kiyevi və onu dəstəkləyən Qərbin maraqlarına ziddir. Yerdə qalır Qətər və Azərbaycan”, - deyə politoloq vurğulayıb. (metbuat.az)

19.08.2024 10:48
show 467