6627f2db7cabf202404244147

Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?

Yaratdığı məişət qalmaqallarına görə, cəmiyyətdə müntəzəm olaraq tənqid hədəfinə çevrilən  bəzi sosial yönümlü verilişlərin mövsüm  sonunda, yəmni iyun ayının axırında birdəfəlik efirdən yığışdırılacağına dair iddialar yayılıb.

Sosial şəbəkələrdə yayılmış məlumata görə, ATV-də Zaur Bəxşəliyevin "Bizimləsən", ARB-də Xoşqədəm Hidayətqızının "Səni axtarıram", Elgiz Əkbərin "Elgizlə izlə", Xəzər TV-də Lalə Azərtaşın "Təsir dairəsi", Zaur Kamalın "Həmin Zaur" verilişlərinin bağlanması ilə bağlı artıq yekun qərar verilib və  sentyabr ayından efirdə  daha səviyyəli verilişlərin yayımlanması gözlənilir.

Lent.az bu məlumatın nə dərəcədə doğru olub -olmadığını öyrənməyə çalışıb.

ARB-dən sorğuya cavab olaraq bildirildi ki, efir toru barədə öncədən məlumat verməyi etik hesab eləmirlər:
"Hansı verilişlərin efirə gedəcəyi hələ bilinmir. Çünki 2025-ci ilin efir şəbəkəsi üzümüzə gələn iyun ayında müzakirə olunacaq. Hansı verilişlərin təqdim olunacağı barədə öncədən məlumat vermək olmur".

Xəzər TV-dən Lalə Azərtaşın "Təsir dairəsi" verilişinin yığışdırılması barədə məlumat təsdiqlənsə də, "Həmin Zaur" verilişİnin taleyi barədə məlumat verilmədi.

ATV kanalından  isə ümumiyyətlə, bu barədə heç bir məlumat verə bilməyəcəklərini bildirdilər.

"Bəzi verilişlərin efir müddəti azaldılıb, amma onlara qadağa qoyulmayıb" deyə qeyd edildi. 

Qeyd edək ki, bu iddiaların səslənməsinin səbəbi özəl telekanalların rəhbərlərinin bir müddət əvvəl Prezident Administrasiyasına çağırılaraq, sosial yönümlü proqramların məzmunu ilə bağlı ciddi xəbərdarlıq almalarıdır.
Görünən odur ki, özəl telekanallar hələlik "qızıl yumurtlayan toyuqlarını", yəni cəmiyyətini mənəviyyatını korroziyaya uğratsa belə, böyük pullar qazandıran proqramlarını kəsmək fikrində deyillər.

23.04.2024 21:57
show 478