aşbaz

Prezidentlər nə yeyir? - Aşpazları danışır

Məşhur siyasətçilərin və kral ailələrinin aşpazları onların üstünlük verdiyi yeməklərdən danışıblar.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, məşhur aşpazların ildə bir dəfə toplaşdığı “Chefs de Chefs” klubunun iclasında kulinariya yenilikləri müzakirə olunur.

Hər il bu klub dünyanın hər yerindən dövlət başçılarının aşpazlarını bir araya gətirir. Təşkilat 1977-ci ildən fəaliyyət göstərir.

Ağ Evdə 25 il çalışmış aşpaz Kris Komerfordun sözlərinə görə, Co Bayden və Kamala Harrisin oxşar üstünlükləri var. Onlar ağır iş günündən sonra sadə və qidalı yeməklərə üstünlük verirlər. Aşpaz deyir ki, onlar pomidor sousu ilə makaron sevirlər.

İtaliya prezidenti Sercio Matarellanın aşpazının dediyinə görə, prezidentin menyusunda praktiki olaraq heç bir xarici yemək yoxdur, pizzanı çox sevir.

İngiltərə kral ailəsinin aşpazı Mark Flanaqanın dediyinə görə, kraliyyət ailəsi çox vaxt balıq və tərəvəz yeyir. O, təhlükəsizlik baxımından Kral III Karlın ən sevimli yeməyinin adını çəkməsə də, yeməklərə çox maraq göstərdiyini və italyan mətbəxini çox sevdiyini qeyd edib.

Monako şahzadəsi Albertin aşpazının dediyinə görə, o, yarı italyan, yarı fransız hesab edilən Riviera mətbəxini sevir. 

Rusiya prezidenti Vladimir Putin səhərlər sıyıq yeməyi sevir. Rusiya prezidentinin menyusuna təzə tərəvəzlərdən, kəsmikdən və baldan hazırlanan salatlar da daxildir. Ət və balıq arasında seçim olsa, balığa üstünlük verir. Quzu ətini sevir.

May ayında Çin prezidenti Si Cinpinin Putinə verdiyi ziyafətdə Rusiya prezidenti Çin mətbəxinin yeməkləri arasında Pekin ördəyini xüsusi qeyd etdiyini bildirib.

Türkiyənin məşhur aşpaz-qəssabı Cüneyt Asan 25 ildən çoxdur Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi aşpazıdır. O bildirib ki, Ərdoğanın yemək seçimində heç kaprizi yoxdur: “Bütün yeməkləri də həkim nəzarəti altında hazırlanır. Əsasən, ət yeməyini, antrikotu və quzu ətini sevir”.

10.10.2024 21:16
show 505