Maraqlı

“Pianoçu” filminin real və kədərli hekayəsi – Öz xilaskarını tapa bilməyən yəhudi bəstəkar

Roman Polanskinin məşhur “Pianoçu” filmi adi bir kino deyil. İnsan ruhunun ən ağır sınaqlardan necə keçə bildiyinin gerçək hekayəsidir.

Qlobal.net xatırladır ki, filmin qəhrəmanı Vladislav Şpilman, həqiqətən də, yaşamış, nasist işğalı zamanı bütün ailəsini itirmiş, lakin bir alman zabitinin mərhəməti sayəsində sağ qalmış real şəxsdir.

528314588 1215902967237927 3462592125164447641 n

Uşaqlıq və musiqiyə başlanğıc

Vladislav Şpilman 5 dekabr 1911-ci ildə Polşanın Sosnovyets şəhərində yəhudi ailəsində doğulub. Musiqi qabiliyyəti erkən yaşlarda üzə çıxıb və Varşava Musiqi Akademiyasını bitirdikdən sonra təhsilini Almaniyada davam etdirib.

O, 1930-cu illərdə Polşanın ən tanınmış pianoçularından biri idi və Polşa radiosunda canlı ifaları ilə böyük şöhrət qazanmışdı. O, həm klassik, həm də öz bəstələrini səsləndirərək musiqi aləmində özünəməxsus yer tuturdu.

Nasistlərin işğalı və ailəsinin faciəsi

1939-cu ildə Almaniya Polşanı işğal edəndə Şpilmanın həyatı tamamilə dəyişdi. Varşava yəhudiləri gettoda toplanmağa məcbur edildi. Vladislav da ailəsi ilə birlikdə burada yaşadı.

1942-ci ildə nasistlər gettodakı minlərlə yəhudini Treblinka ölüm düşərgəsinə göndərdilər. Şpilmanın atası, anası, iki bacısı və qardaşı da bu qatarda idi. Onların hamısı orada öldürüldü.

Lakin Vladislav təsadüf nəticəsində bir polşalı polis tərəfindən xilas edildi. O andan etibarən o, Varşavanın xarabalıqları arasında təkbaşına yaşamaq üçün mübarizə aparmağa başladı.

Dörd il gizlənərək yaşadığı dəhşətlər

Şpilman nasistlərin nəzarətində olan şəhərdə dörd il gizlənərək yaşadı. Ərzaqsız, susuz, qışın soyuğunda donmaq təhlükəsi altında, bəzən tavan aralarında, bəzən uçuq binalarda gizlənirdi.

Varşava şəhəri tamamilə dağılsa da, o, xarabalıqlar arasında sağ qalmağı bacardı. O yazırdı:

“Hər gün ölümə bir addım daha yaxın olduğumu bilirdim, amma hər səhər yenidən nəfəs aldığımı görəndə təəccüblənirdim”.
Wladyslaw Szpilman The Pianist was a gifted pianist and composer whose life and career becam 2

Alman zabiti Wilm Hosenfeld ilə görüş 

1944-cü ilin sonlarına yaxın, Şpilman qida axtararkən alman zabiti Kapitan Wilm Hosenfeld ilə qarşılaşdı. Zabit ilk baxışdan onun yəhudi olduğunu anladı, amma öldürmək əvəzinə soruşdu:

“Sən nə iş görürsən?”

Şpilman cavab verdi: “Mən pianoçuyam”.

Hosenfeld onu yaxınlıqdakı evdəki köhnə pianoda çalmaq üçün çağırdı. Vladislav Şopenin “Nokturne”sini ifa etdi. Musiqidən təsirlənən zabit ona yemək, paltar və gizlənmək üçün sığınacaq verdi.

Bu hadisə onun həyatını xilas etdi. Hosenfeld müharibə bitənədək ona kömək etdi, ərzaq gətirdi və onu qorudu.
01 84

Müharibədən sonra – Xilaskarını tapa bilmədi

1945-ci ildə Polşa azad olunanda Şpilman yenidən radioda işləməyə başladı. Maraqlıdır ki, o, radioda ilk çıxışında müharibədən əvvəl yarımçıq qalan eyni əsəri – Şopenin “Nocturne”sini ifa etdi.

Lakin Şpilman onu xilas edən alman zabiti Hosenfeldi tapmağa çalışsa da, tapa bilmədi.
Səbəbi faciəvi idi – Hosenfeld Sovet ordusu tərəfindən əsir alınmış və “nasist zabiti” kimi 25 il həbs düşərgəsinə göndərilmişdi. O, 1952-ci ildə orada həyatını itirdi.

Şpilman illər sonra belə yazmışdı:

“Məni öldürməli olan insan həyatımı xilas etdi. Mən isə onun həyatını xilas edə bilmədim.”

Sonrakı illər və mirası

Müharibədən sonra Vladislav Şpilman yüzlərlə musiqi əsəri yazdı və uzun illər Polşa radiosunda fəaliyyət göstərdi. 1946-cı ildə öz xatirələrini yazdı – “Pianista” adlı kitab sonradan dünya dillərinə tərcümə olundu.

2002-ci ildə Roman Polanskinin rejissorluğu ilə çəkilən “The Pianist” filmi onun xatirələri əsasında ekranlaşdırıldı. Film 3 “Oskar” mükafatı qazandı və milyonlarla insanın qəlbinə toxundu.

Hosenfeld isə 2009-cu ildə İsraildəki Yad Vaşem tərəfindən “Beynəlxalq ədalətlilər” (Righteous Among the Nations) titulu ilə təltif edildi.

Maraqlıdır: Ölümü ilə bütün dünyanı ağladan müsəlman milyarder
Bu da maraqlıdır: Yuri Qaqarini kimlər və niyə öldürdülər? – İllərdir açılmayan sirr..

Tofiq Əli
Qlobal.net

Related Articles

Leave a Reply

Back to top button