
İran Prezidenti Məsud Pezeşkian ilk dəfə Zəngəzur dəhlizi ilə bağlı mövqeyini açıq şəkildə bəyan edib.
Qlobal.net Musavat.com-a istinadən xəbər verir ki, o, məsələ ətrafında yaradılan ajiotajın həqiqəti tam əks etdirmədiyini bildirib.
“Bu dəhlizlə bağlı deməliyəm ki, məsələ xəbərlərdəki kimi şişirdilmiş deyil və bizdə olan məlumata görə, İranın ərazi bütövlüyü ilə bağlı tələbləri yerinə yetirilib”, – o qeyd edib.
Pezeşkianın bu bəyanatı son aylarda İran rəsmilərinin, xüsusən də ölkə rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin səsləndirdiyi sərt mövqe fonunda gözlənilməz yumşalma kimi qiymətləndirilir. Xatırladaq ki, Vilayəti Zəngəzur dəhlizi layihəsini İranın milli birliyi və ərazi bütövlüyünə “böyük təhdid” adlandırmış, bu təşəbbüsün Cənubi Qafqazdakı geosiyasi balansı poza biləcəyini iddia etmişdi.
Pezeşkian isə əksinə, məsələyə daha praqmatik yanaşaraq Tehran üçün əsas olan ərazi bütövlüyü prinsiplərinin qorunduğunu vurğulayıb. Bu mövqe dəyişimi Ermənistan və Azərbaycanın regiondakı birgə təşəbbüsünə qarşı sərt ritorika nümayiş etdirən bəzi İran siyasi dairələrinə də dolayı cavab xarakteri daşıyır.
Məlumatlara görə, Pezeşkian bu prosesin detalları barədə əvvəldən məlumatlı olub. Bu da onun Zəngəzur dəhlizi ilə bağlı mövqeyinin təsadüfi deyil, düşünülmüş diplomatik strategiyaya söykəndiyini göstərir.
Analitiklər hesab edirlər ki, İran prezidentinin bu yumşaq mövqeyi Cənubi Qafqazda sülh prosesinə əlavə təkan verə, həmçinin Tehranla Bakı arasında dialoqun intensivləşməsinə şərait yarada bilər. Bununla belə, Vilayəti kimi sərt mövqedə qalan qüvvələrin bu yanaşmanı qəbul edib-etməyəcəyi hələlik məlum deyil.