Pensiyalar bu qədər ARTACAQ
Hazırki tendensiya gələn il bütün növ əmək pensiyalarında ikirəqəmli artım olacağını göstərir.Qlobal.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O
bildirib ki, mövcud qaydalara əsasən, əmək pensiyaları il ərzində orta
aylıq əmək haqqındakı artım faizi ilə indeksasiya olunur.
"Pensiya
kapitalı isə əvvəlki ildə illik infilyasiya səviyyəsinə indeksasiya
olunaraq artırılır. Yəni, 2024-cü ilin yanvarında əmək pensiyaları
2023-cü ildə orta aylıq əmək haqqının artım faizinə, pensiya kapitalı
isə 2023-cü ildə qeydə alınan rəsmi infilyasiyaya indeksasiya olunaraq
artırılacaq.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu
ilin birinci yarısında nominal orta aylıq əmək haqqı 11.5 faiz artıb. Bu
ondan xəbər verir ki, orta aylıq əmək haqqında iki rəqəmli artım var”, -
deyə deputat əlavə edib.
V.Bayramov qeyd edib ki, mövcud artım
tempi ilin sonuna qədər qorunarsa, o halda əmək pensiyaları 2024-cü ildə
ikirəqəmli indeksasiyaya cəlb oluna bilər.
"Hazırda bu rəqəm
11.5 faizdir. İlin sonuna qədər orta aylıq əmək haqqında hər hansı bir
ciddi fərq baş verməzsə, bu halda növbəti ilin yanvarında bütün növ əmək
pensiyalarının 11 faiz ətrafında artırılması mümkün olacaq. Təbii ki,
dəqiq rəqəm 2024-cü ilin əvvəllərində bəlli olacaq. Amma tendensiya onu
göstərir ki, gələn il əmək pensiyalarında ikirəqəmli artım olacaq”, -
deyə o,vurğulayıb.