Əhalinin xüsusilə həssas təbəqəsində narazılıq yaradan, bəzi qərarları mütəmadi müzakirə edilən Sahil Babayevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) gedişi bir sıra məsələləri gündəmə gətirib. Vətəndaşların əksəriyyəti Babayevi əvəz edəcək şəxsə, yəni Anar Əliyevə həm güvənir, həm də bu sahədə gözləntilərinin qarşılanacağını düşünür. Əsasən də sosial yardımlar, pensiya və müavinətlər, əməkhaqqları ilə bağlı atılacaq addımlar diqqət mərkəzindədir.
Yeni nazir müsbətə doğru dəyişikliklər edə biləcəkmi? Sahil Babayevin bu sahədən uzaqlaşması necə nəticələnəcək?
Globalinfo.az-a danışan AĞ Partiya sədri Tural Abbaslının fikrincə, bu prosesdə metodika və yanaşma tərzi dəyişməlidir:
“Hazırkı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Sahil Babayevin müavini olub. Onlar işlərin əksəriyyətini birlikdə icra ediblər. Ona görə də “fərqli yanaşma olacaq” demək üçün əsasımız yoxdur. Düşünürəm ki, Sahil Babayevin başlatdığı xətt bəlli müddət davam edəcək”.
Partiya sədri bu sahədə islahatlara ehtiyac olduğunu vurğulayıb: “İnsanların dövlətdən müavinətlər alması, yardımetmə mexanizmləri ədalətli, şəffaf olmalıdır. Vətəndaşların yaşayışı asanlaşdırılmalıdır. Amma bununla nazirlikdəki yanaşma tərzinin də dəyişəcəyini demək olmaz. Çünki həmin sahəyə yeni ad yox, komandanın bir üzvü gəlib. Hər halda gözləyək”.
T.Abbaslı bu istiqamətdə tövsiyələrini də bölüşüb:
“İstər sosial müavinətlər, istər əlillik, istərsə də pensiya yaşı və ya digər yardımlarla bağlı məsələlər həll edilməlidir. ƏƏSMN büdcənin deyil, xalqın yanında olmalıdır. Düzdür, hər şey büdcəyə bağlıdır, lakin xalqın maraqlarını da nəzərə almaq lazımdır”.