Pensiya yaşı 5 il artırılır? - Deputatdan ilginc açıqlamalar
"Pensiya yaşını 70 yaşa qaldırmaq doğru qərar deyil”.
Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu Milli
Məclisin deputatı Musa Quliyevin pensiya yaşının 65-dən 70 yaşa
qaldırılması ilə bağlı təklifinə münasibət bildirərkən deyib. Sosioloq
hesab edir ki, insanları məcburi qaydada pensiyaya göndərmək də səhv
addımdır:
"Azərbaycan əhalisi arasında uzunömürlülük azdır, insanlar tez
dünyasını dəyişir. Qəbiristanlığa gedən zaman bu aydın görünür, yuxarı
yaşda olan insanlar çox azdır. Əgər bir insan 65 yaşına çatıbsa və onu
pensiyaya göndərirlərsə, bu, yanlış addımdır. Nə pensiya yaşını
qaldırmağa yol vermək, nə də yaxşı mütəxəsisi yaş senzinə görə işdən
çıxartmaq olmaz. Ona görə bizdə bu məsələ ilə bağlı fərqli model
işlənilməlidir. Azərbaycanda pensiya yaşına baxış fərqli olmalıdır”.
Əhməd Qəşəmoğlu deyir ki, Azərbaycan kiçik bir ölkə olduğundan
burada hər hansı bir sahə üzrə yaxşı mütəxəsisin yetişməsi asan deyil:
"Məsələn, alimlər, həkimlər və müəllimləri götürək, bəzən çox yaxşı
bir həkimi 65 yaşında pensiyaya göndərirlər. Azərbaycanda savadlı
kadrlar çox deyil ki, onları pensiyaya göndərəndə digəri onu əvəzləsin.
Amma bütün hallarda insanlara "65 yaşın var, pensiyaya getməlisən” demək
düzgün deyil. Xarici ölkələrdə bu məsələyə baxış fərqlidir, amma bizdə
belə olmamalıdır. Biz Fransa deyilik. 65 yaşında olan mütəxəsis öz
istəyi ilə qalıb işləyirsə, ona imkan vermək lazımdır, qoy işləsin.
Digər tərəfdən, insanlar 65 yaşına çatanda pensiyaya getmək istəyirsə,
mane olmaq lazım deyil. Azərbaycan yeni bir model hazırlamalıdır,
işləmək arzusu olan qalsın, pensiyaya çıxmaq istəyən getsin. Amma bu
modeldə harada işləməsindən və işləməməsindən asılı olmayaraq pensiya
yaşını qaldırmaq olmaz”.
Qeyd edək ki, Milli Məclisin plenar iclasında deputat Musa Quliyev
pensiya yaşı ilə əlaqədar təklif verib. O bildirib ki, "Pensiya yaşı
65-dən 70 yaşa qaldırılsın".