Məsələ ilə bağlı Referans.az-ın sorğusunu cavablandıran hüquqşünas Əkrəm Həsənov bildirib ki, yığılan pensiya kapitalı həmin şəxsin ya həyat yoldaşına, ya da himayəsində olan birinə verilməlidir:
"Əgər hər hansı bir şəxs pensiya kapitalını almadan dünyasını dəyişibsə, həmin vətəndaşın hesabına yığılan kapital ya onun həyat yoldaşına, ya da şəxsin himayəsində olan birinə verilməlidir. Yəni yoldaşı əgər pensiya almırsa, şəxsin ilk növbədə həyat yoldaşına, ikinci növbədə isə vəfat etmiş şəxsin himayəsində 18 yaşını tamam etməmiş övladı varsa, onlar arasında bölünür. Bundan başqa hallarda təəssüflər olsun ki, pul batır, o pulu heçbir şəkildə almaq mümkün olmur”.
Əkrəm Həsənov pensiya kapitalıyla bağlı Azərbaycanda ciddi problemlərin olduğunu bildirib. Onun sözlərinə görə ölkədə pensiya yaşına çıxan az sayda insanlar olur və vəfat edən vətəndaşın pensiya kapitalının sadəcə həyat yoldaşına verildiyini nəzərə alarsaq, çox zaman o pullar batır:
“Hazırda ölkədə pensiya yaşı olduqca yüksəkdir. Vətəndaşlarımızın böyük əksəriyyəti mən deyərdim, pensiya yaşına çatmamış vəfat edir. Belə olan təqdirdə də, yığılan məbləğin yalnız şəxsin həyat yoldaşı və övladlarına verildiyini nəzərə alarsaq, çox zaman ya həmin şəxsin övladları 18 yaşının üstündə olur, pul belə batıb gedir, ya da onun həyat yoldaşı həyatda olmur. Bu da Azərbaycan üçün ciddi problemdir. Çünki bizdə əsasən işləyənlər kişilərdir, yəni pensiya kapitalı olan əsas kişilərdir və əksər hallarda da onların yığılmış kapitalı itir. Bəzi hallarda isə vətəndaş pensiya yaşına çatır və bir iki il sonra vəfat edir. Belə olduğu halda da, onun pensiya kapitalı batır”.
Pensiya kapitalı ilə bağlı ölkədə ciddi problemlər var, yaxın illərdə bunlar aradan qaldırılmalıdır və bu sahədə ciddi addımlar atılacaqdır, - deyə hüquqşünas qeyd edib.