Pensiyaların artırılması üçün yeni bir mənbə üzərində iş aparılır. Söhbət ondan gedir ki, vətəndaşların pensiya kapitalı kimi Dövlət Sosial Müdafiə Fonduna toplanan vəsaitləri investisiya məqsədilə istifadə oluna bilər.
Qlobal.net xəbər verir ki, bu investisiyadan əldə ediləcək gəlirlər isə yenidən vətəndaşların pensiyalarının artımına xərclənəcək.
Bütün bunlar "Sosial sığorta haqqında" qanuna təklif edilən dəyişikliklər qəbul ediləcəyi halda baş tutacaq.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov "Xəzər Xəbər"ə deyib ki, söhbət sərbəst qalığın investisiya edilməsindən gedir. Onun fikrincə, Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərinin investisiya kimi istifadə edilməsi vətəndaşlar üçün faydalı olacaq.
Millət vəkilinin sözlərinə görə, bu, pensiya məbləğlərinin artırılması baxımından yeni bir mənbədir.
Bu təcrübə Norveç və Yaponiya başda olmaqla, bir sıra inkişaf etmiş ölkələrdə tətbiq olunur.