Pegasus Hava Yolları Şirkətinin İstanbul-Yerevan-İstanbul reysi ilə planlaşdırdığı ilk uçuş 2 fevral 2022-ci il tarixində gerçəkləşəcək, şirkətin baş ofisindən BBC Azərbaycancaya bildirilib.
Uçuşlar həftədə 3 dəfə olmaqla həyata keçiriləcək.
"Şirkət bazar ertəsi, çərşənbə və şənbə günləri daxil olmaqla həftədə 3 dəfə İstanbul-Yerevan, çərşənbə axşamı, cümə və bazar günləri isə Yerevan-İstanbul uçuşlarını planlaşdırır", məlumatda deyilir.
Şirkətdən verilən açıqlamaya əsasən, 186 sərnişin tutumlu təyyarələrlə ediləcək uçuşlarda biletlər 59.99 dollardan başlayacaq.
"Bu hadisədə ən önəmli nöqtə Pegasus Hava Yolları Şirkətinin həm İstanbul- Yerevan, həm də İstanbul-Bakı istiqamətində uçuşlar edən şirkət olmasıdır. Əvvəllər Yerevana uçan şirkətin Azərbaycan gəlməsinə icazə verilməzdi", türk-erməni iş adamları şurasının təmsilçisi (TABDC) Noyan Soyak BBC News Azərbaycancaya müsahbəsində bildirib.
TABDC təmsilçisinə görə, bu fakt və Azərbaycan prezidentinin acıqlamaları onu göstərir ki, o artıq "bu uçuşlara isti baxır".
Prezident İlham Əliyev ötən ilin əvvəlində deyib ki, Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına "müsbət baxır".
Prezident bildirib ki, Türkiyə özü sərhədlərin nə zaman açılacağını müəyyən edə bilər və Azərbaycan tərəfindən buna "hər hansısa mənfi rəy verilməyəcək".
Cənab Soyak xatırladıb ki, 2012-2021-ci illərdə Atlas Global hava Yolları Şirkəti tərəfindən İstanbul-Yerevan istiqamətində çarter uçuşları həyata keçirilirdi.
"Atlas Global şirkəti iflas etməsi səbəbi ilə birbaşa uçuşlar dayandırıldıqdan sonra iki ölkə vətəndaşları Tiflis və ya Moskva üzərindən Ermənistana gedib-gəlirdi" Noyan Soyak əlavə edib.
"Bu dəfəki uçuşların fərqi budur ki, ilk dəfə iki ölkə arasında müntəzəm qarşılıqlı uçuşlar həyata keçiriləcək və sərnişinlər internetdən biletlərini ala biləcəklər", TABDC təmsilçisi deyib.
Noyan Soyak ümid edir ki, bu, məhdud təyyarə və məhdud səfərələrinin olması səbəbindən Avropanın bir çox ölkələri ilə birbaşa əlaqəsi olmayan Ermənistanın hava məkanı üçün müsbət hadisədir:
"Pegasus şirkətinin Avropaya da müntəzəm uçuşlar reallaşdırması Ermənistanı həm də Avropa məkanı ilə birləşdirəcək. Məsələn, Yerevandan Londona getmək istəyən bir erməni Pegasusla Sabiha Gökçen hava limanında transfer edib, Londona gedəcək. Bu da Türkiyə, xususi ilə Sabiha Gökçen hava limanının trafiki üçün müsbət haldır. Son bir il ərzində səfərlər Tiflis və Moskva üzərindən olurdu. İndi isə bu səfərlər birbaşa olacaq ki, bu da sərnişinlərə asan və rahat səfər imkanı verəcək", cənab Soyak bildirib.
Türkiyə ilə Ermənistanın diplomatik əlaqələri yoxdur və onlar arasında quru sərhəd 1993-cü ildən bağlıdır.
Türkiyə Ermənistanla Dağlıq Qarabağ münaqişəsi səbəbindən diplomatik əlaqələri kəsib və quru sərhədini bağlayıb.