Baş verən faciəvi təyyarə qəzası ilə bağlı istintaqın ilkin nəticələrinə əsasən, müəyyən edilib ki, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.
Qlobal.net “Pantsir-S” hava hücumundan müdafiə sistemləri ilə bağlı detallı məlumatları təqdim edir:
Pantsir-S1 Rusiyanın Tula şəhərində yerləşən KBP korporasiyası tərəfindən istehsal olunan qısa-orta mənzilli zenit-artilleriya və zenit-raket kompleksidir.
Bu kompleks ən müasir hava hücumundan müdafiə texnologiyaları və müasir radarla təchiz olunub, həmçinin digər hava hücumundan müdafiə sistemlərinin təhlükəsizliyini təmin etmək məqsədilə istifadə olunur.
1995-ci ildə ilk hazırlanmış variant 1L36 radarı ilə təchiz olunmuşdu. Bu radar sonradan başqa bir sistemlə əvəz edilmişdir.
Bu qısa və orta mənzilli hava hücumundan müdafiə sistemi təkərli və ya tırtıllı maşınların üzərində yerləşdirilə bilər. Sistemin hava hücumundan müdafiə komplektinə avtomatik zenit-artilleriya topu, səth-hava raketləri, radar və ya optik axtarış sistemi və radio-nəzarət məntəqəsi daxildir.
Sistemin əsas məqsədləri həm mülki və hərbi təyinatlı nöqtələri düşmən hücumundan müdafiə etmək, həm də motoatıcı və ya mexanikləşdirilmiş qoşunları alay səviyyəsində müdafiə etməkdən ibarətdir. Əsas üstünlüklərindən biri xeyli aşağı hündürlükdən uçan hədəflərin məhv edilməsi imkanının olmasıdır. Sistem tam avtomatik şəkildə fəaliyyət göstərir.
4–6 saniyəlik reaksiya vaxtı ilə bir raketi məhv etmək ehtimalı 0.7-dən aşağı deyil. Hərəkətdə olduğu halda belə raket və ya zenit-artilleriya topundan atəş aça bilir. Əsas radar stansiyası sistemin fəaliyyət göstərdiyi rejimdən asılı olaraq 0–60° və ya 26–82° aralıqlarında hədəfi təyin edə bilir.
Bu hava hücumundan müdafiə sistemi öz sinfindən olan digər oxşar komplekslərə qarşı bir çox üstünlükləri ilə fərqlənir. Bu, müqayisəli sınaqlarla yoxlanılmasa da, müxtəlif sistemlərin potensial limitləri bunu sübut edir. 2013-cü ildən etibarən bu ZRK-da erkən xəbərdarlıq məqsədilə iki radar stansiyasından istifadə olunur.[9] İstənilən mənbədən daxil olan hədəf koordinatları ümumi sistemə daxil edildikdən sonra −5 və +82 dərəcə aralığında hərəkət edən hədəfi məhv edə bilər. Hədəfin məhv edilməsi məqsədilə raketlərin buraxılması intervalı 1–1.5 saniyə arasında dəyişir ki, bu da sistemi öz analoqları ilə müqayisədə əlçatmaz edir.
Hazırda “Pantsir-S”-dən Rusiya xaricində Əlcəzair, İran, İraq, Oman, BƏƏ və Suriya kimi ölkələr də öz arsenallarında istifadə edir.