65ffca6ce7617202403243836
"Öz aralarında danışanda..." - Hadisə şahidi yeni faktları AÇIQLADI

“Crocus Siti Holl”da terrorçular heç nə tələb etməyiblər, onlar yaxşı hazırlaşmışdılar.

Qlobal.net Globalinfo.az-a istinadla xəbər verir ki, bunu terror aktının şahidi Andrey Lesnıx “İzvestiya” portalına açıqlamasında deyib.

Zalda bacısı ilə birlikdə olan Andrey Lesnıx ilk təxliyə edilənlərdən olub. Hadisə şahidinin sözlərinə görə, zaldan atışma səslərini eşidəndə təşvişə düşüb və bacısı ilə birlikdə zalı tərk etmək qərarına gəlib.

“Mən artıq səhnəyə enmişdim ki, zalda atəş açılmağa başladı, sonra təşviş başladı. Sağ tərəfdəki səhnədən çıxdım, bacım isə balkondan, yuxarıdan çıxdı”, – deyə o bildirib.

Lesnıx əlavə edib ki, terrorçular heç bir tələb irəli sürməyiblər. O, terrorçuları təcrübəli və təlim keçmiş döyüşçülər kimi xarakterizə edib.

“Öz aralarında danışarkən heç bir qışqırıq yox idi. Aydındır ki, onlar təcrübəli döyüşçülərdir”, – deyə qeyd edib.

Hadisənin digər şahidi isə bildirib ki, əvvəlcə küçədən pulemyotlarla silahlanmış şəxslər atəş açaraq binanın şüşələrini sındırmağa cəhd ediblər, sonra onlar binanın içərisinə girərək insanlara atəş açıblar.

Qeyd edək ki, martın 22-də “Crocus City Hall”da terror aktı baş verib. Konsert zalında “Piknik” qrupunun çıxışı olmalı idi. Rusiya Federasiyasının Baş Prokurorluğu kamuflyajlı şəxslərin binaya soxularaq atəş açdığını bildirib. Rusiya İstintaq Komitəsinin son məlumatlarına görə, terror aktı qurbanlarının sayı 133 nəfərə çatıb.

24.03.2024 10:38
show 395